İDDA Regional münaqişələrin həlli mövzusuna həsr olunmuş konfrans keçirdi – FOTO
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib.
Bu haqda məlumatı Beynəlxalq Dialoq və İnkişaf Alyansının Mətbuat xidməti yayıb.
Məlumata görə, konfransı giriş sözü ilə açan Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova bildirdi ki, bu ilin mart ayının 29-da Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticəsi olaraq, humanitar sahədə bir sıra tədbirlərin hazırlanması ilə bağlı razılığın əldə olunması Ermnəistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yeni mərhələ hesab oluna bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq, bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən sülh danışıqlarının yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olması barədə prinsipial mövqe hörmətlə qəbul olunur. Bu ilin mart ayının 29-da Vyana danışıqlarında humanitar sahədə tədbirlərin həyata keçirilməsilə bağlı razılığın əldə olunması, bunun davamı olaraq ATƏT-in PA-da Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, əsir və girovların 1949-cu il Genevrə Konvensiyasına uyğun olaraq “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi və qartarılması və digər bu kimi mühüm vacib əhəmiyyətli problemlərin həlli ilə bağlı qətnamənin qəbul olunması aparılan uğurlu siyasətin nəticəsidir.
ATƏT-in PA-nın vitse prezidenti cənab Azay Quliyevin müəllifi olduğu həmin sənəddə ilk dəfə olaraq yalnız Dağlıq Qarabağın deyil, digər 7 rayonun da (Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Zəngilan) işğal ilə bağlı maddəalar öz əksini tapmışdır. Bu, Azərbaycan savaş diplomatiyasının müsbət nəticələrindəndir. Alyansın rəhbəri bildirdi ki, beş il bundan əvvəl məcburi köçkünlər – Dilqəm Əsgərov və Şahbaz Quliyev öz valideynlərinin məzarlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı dəstələri tərəfindən girov götürülüblər. Vyana razılaşmasından sonra son əsir və girovların qaytarılmasına ümid yaranıb.
Konfransda “Regional münaqişələrin həlli yolu” mövzusunda məruzə edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi ki, Azərbaycan və Ermənistan dövlət rəhbərləri arasında Vyanada keçirilən görüşdə ikitərəfli əldə olunan razılıq müsbət addım olaraq dəyərləndirilir. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra regionda sülh məsələləri ilə bağlı danışıqların intensivləşməsi, Ermənistan ictimaiyyətinin sülh prosesinə hazırlanması istiqamətində addımlar müşayət olunur. Lakin bununla yanaşı münaqişənin həllində beynəlxalq situasiya nəzərə alınmalıdır. Belə ki, ermənilərin törətdikləri təxribat nəticəsində qarşı tərəfə cavab olaraq aprel döyüşləri başladı və bu hərbi əməliyyat uğurla davam edirdi. Lakin biz bu uğurlu döyüşü dayandırmalı olduq. Bunun da beynəlxalq səbəbləri var. Vyana görüşündən sonra kənd təsərrüfatında birgə əməkdaşlıq, KİV nümayəndələrinin qarşılıqlı səfərləri barədə danışıqlar gündəmdədir. Düşünürəm ki, bu tarixi bir şəraitdir və Ermənistan dövləti bu tarixi şəraiti dəyərləndirməlidir.
Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin(Ombudsman) Hüquq Maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, Azərbaycan Respublikası Hərbi Prokurorluğu Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov çıxış edərək humanitar sahədə, azərbaycanlı əsir və girovlarla bağlı, həmçinin onların hüquqları ilə bağlı beynəlxalq səviyyəli görüşlər barədə, olunan müraciətlər və görülən işlər barədə məlumat verildi. Vyana görüşündən olunan razılığın həyata keçirilməsinə ümid etdiklərini bildirdilər.
Sonra məruzələr ətrafında müzakirələr aparıldı. Müzakirələrdə olunan çıxışlarda xüsusilə qeyd olundu ki, Ermənistanın işğalçılıq siyasətinə son qoymaması, 30 ildən çox davam edən erməni özbaşınalığının bu gün də davam etməsi, günahsız insanların beynəlxalq hüquq normalarına zidd olaraq girov götürülməsi və bu günə qədər geri qaytarılmaması, Ermənistan silahlı qüvvələri tərəfindən hər gün atəşkəs rejiminin pozulmasının davam etməsi, Ermənistanın heç bir real təkliflə addım atmaması münaqişənin həlinin sülh yolu ilə aparılmasına inamsızlıq yaradır. Müzakirələrdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Bakı Dövlət Universitetinin professoru Hacıağa Rüstəmbəyov, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Aida Yusifzadə, İran Mühacirlər cəmiyyətinin sədri Firudin İbrahimli, ARTİ-nin əməkdaşı Zəhra Muradəliyeva və digər şəxslər mövzu ilə bağlı fikirlərini bildirdilər.
Konfransda Azərbaycandakı xarici ölkə səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələri, KİV nümayəndələri iştirak edirdilər.
Konfransda Beynəlxalq Dialoq və İnkişaf Alyansı tərəfindən hazırlanan “Əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsi” mövzusunda film nümayiş olundu. Film Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökemət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.