AZƏRBAYCANIIN DİPLOMATİK İRSİ: MİLLİ DÖVLƏTÇİLİKDƏN BEYNƏLXALQ LEGİTİMLİYƏ
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür.
Bu tarixi gün, Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm mərhələ olmaqla yanaşı, milli suverenlik ideyasının davamlı inkişaf xəttini də ifadə edir.
Tarixi inkişaf fonunda müasir dövrdə dövlətimiz tərəfindən həyata keçirilən strateji siyasət — güclü ordu quruculuğu, müasir diplomatiyanın inkişafı və regional əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə, müasir Azərbaycan həm tarixi dövlətçilik ənənələrini qoruyaraq, həm də yeni geosiyasi reallıqlara uyğun çevik və çoxşaxəli xarici siyasət xətti formalaşdırmışdır.
1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin ən mühüm siyasi hadisələrindən biri olmaqla yanaşı, müsəlman Şərqində parlamentli demokratik idarəçilik ənənələrinin formalaşmasında mühüm tarixi mərhələ kimi qiymətləndirilir. Azərbaycan Xalq Cümhuriyyəti hüququn aliliyi, xalq hakimiyyəti və milli suverenlik prinsiplərinə əsaslanan dövlət modeli ilə regionun siyasi tarixində yeni bir səhifə açmışdır.
Qısa, lakin zəngin fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində ölkənin milli maraqlarının müdafiəsini prioritet istiqamət kimi müəyyən etmiş, müstəqil və etibarlı dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın beynəlxalq legitimliyinin təmin olunmasına və milli diplomatiya məktəbinin əsaslarının yaradılmasına mühüm töhfə vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın formalaşması baxımından yalnız Azərbaycan siyasi tarixində deyil, bütövlükdə regionun dövlətçilik və siyasi modernləşmə prosesində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət strategiyasının əsas prioritetini beynəlxalq legitimliyin təmin olunması və dövlətin beynəlxalq hüququn subyekti kimi tanınmasına nail olmaq təşkil edirdi. Mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərən Azərbaycan hökuməti dövlət müstəqilliyinin davamlılığı yalnız daxili idarəetmə institutlarının formalaşdırılması ilə deyil, eyni zamanda beynəlxalq siyasi dəstəyin və diplomatik tanınmanın əldə olunması ilə birbaşa bağlı olduğunu prioritet istiqamət olaraq qəbul edirdi.
1919-cu ildə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi AXC diplomatiyasının ən mühüm siyasi təşəbbüslərindən biri olmuşdur. Azərbaycan nümayəndə heyətinin əsas məqsədi Azərbaycanın müstəqilliyini beynəlxalq ictimaiyyətə təqdim etmək, ölkəmizin regionda strateji və siyasi əhəmiyyətini əsaslandırmaq, həmçinin böyük dövlətlər tərəfindən rəsmi tanınmaya nail olmaqdan ibarət idi.
Nümayəndə heyətinə rəhbərlik edən görkəmli ziyalı, hüquqşünas, diplomat və parlament sədri Əlimərdan bəy Topçubaşov Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeyinin müdafiəsində mühüm rol oynamışdır. O, Parisdə keçirilən siyasi və diplomatik görüşlər zamanı Azərbaycanın hüquqi əsaslara söykənən müstəqillik mövqeyini müdafiə etmiş, ölkənin demokratik idarəçilik modelinə malik olduğunu və beynəlxalq münasibətlər sisteminin etibarlı aktoru kimi çıxış etməyə hazır olduğunu diplomatik müstəvidə əsaslandırmağa çalışmışdır.
Nümayəndə heyətinin tərkibində dövrün görkəmli siyasi və ictimai xadimləri Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov, Mir Yaqub Mehdiyev və digər nüfuzlu ziyalılar təmsil olunmuşdur. Müxtəlif siyasi və intellektual təcrübəyə malik olan bu şəxslər Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq platformada təmsil olunması, dövlətin siyasi-hüquqi mövqeyinin müdafiəsi və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq ictimaiyyətə təqdim edilməsi istiqamətində mühüm diplomatik fəaliyyət həyata keçirmişlər.
Azərbaycan nümayəndə heyəti Parisdə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və digər Antanta dövlətlərinin siyasi nümayəndələri ilə çoxsaylı diplomatik görüşlər keçirmişdir. Həmin danışıqlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil və suveren dövlət olduğu, Cənubi Qafqaz regionunda mühüm geostrateji mövqeyə malik olduğu, demokratik idarəçilik prinsiplərinə əsaslandığı və regionda siyasi sabitliyin təmin olunmasında mühüm rol oynaya biləcəyi xüsusi vurğulanmışdır. Bununla yanaşı, nümayəndə heyəti Azərbaycanın bolşevik ekspansiyasına qarşı regional təhlükəsizlik və siyasi balans baxımından mühüm əhəmiyyət daşıdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.
Aparılan ardıcıl diplomatik fəaliyyət və siyasi danışıqların nəticəsi olaraq, 1920-ci il 11 yanvar tarixində Antanta Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanımışdır. Bu qərar AXC-nin beynəlxalq münasibətlər sistemində hüquqi-siyasi legitimliyinin qismən qəbul olunması baxımından mühüm tarixi hadisə hesab edilir. Eyni zamanda, sözügedən tanınma Azərbaycan diplomatiyasının qısa müddət ərzində əldə etdiyi ən əhəmiyyətli beynəlxalq-siyasi nailiyyətlərdən biri kimi qiymətləndirilir.
Azərbaycanın görkəmli ziyalısı, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşov, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması istiqamətində həyata keçirilən diplomatik fəaliyyətin əsas simalarından biri olmuşdur. Əlimərdan bəy Topçubaşov Parisdə aparılan danışıqlarda Azərbaycanın milli maraqlarını ardıcıl şəkildə müdafiə etmiş, ölkənin müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində legitim siyasi subyekt olaraq qəbul olunmasına çalışmışdır. Topçubaşovun diplomatik fəaliyyəti AXC-nin xarici siyasət strategiyasının formalaşmasında və beynəlxalq legitimlik uğrunda mübarizəsində mühüm rol oynamışdır.
Osmanlı İmperiyası Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlətlərdən biri olmuşdur. 1918-ci il 4 iyun tarixində imzalanmış Batum müqaviləsi iki dövlət arasında siyasi və diplomatik münasibətlərin hüquqi əsaslarını müəyyən edən ilk rəsmi beynəlxalq sənədlərdən biri kimi mühüm əhəmiyyət kəsb etmişdir. Sözügedən müqavilə AXC-nin beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunması baxımından xüsusi siyasi əhəmiyyətə malik idi.
1919–1920-ci illərdə Bakıda Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, İtaliya və digər dövlətlərin diplomatik nümayəndəliklərinin fəaliyyət göstərməsi Azərbaycanın beynəlxalq siyasi və geostrateji əhəmiyyətinin artdığını göstərən mühüm amillərdən biri olmuşdur. Bu diplomatik təmaslar Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələr sistemində aktiv iştirak etməyə çalışdığını və regionun siyasi proseslərində mühüm aktor kimi qəbul edilməyə başladığını nümayiş etdirirdi.
Fətəli xan Xoyski qeyd edirdi ki, “Azərbaycanın istiqlaliyyəti yalnız daxildə deyil, beynəlxalq aləmdə də müdafiə olunmalıdır.” Bu yanaşma Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət konsepsiyasının əsas mahiyyətini təşkil edir və dövlət müstəqilliyinin qorunmasının beynəlxalq diplomatik fəaliyyətlə sıx bağlı olduğunu göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, milli dövlətçilik və diplomatiya tarixində mühüm institusional irs formalaşdırmışdır. AXC-nin siyasi-diplomatik fəaliyyəti müasir Azərbaycan diplomatiyasının əsas prinsiplərinin — milli maraqların müdafiəsi, beynəlxalq əməkdaşlıq, çoxtərəfli diplomatiya və beynəlxalq hüquqa əsaslanan dövlətçilik anlayışının — formalaşmasına mühüm töhfə vermişdir.
Müasir dövrdə Azərbaycan Respublikası bu prinsipləri daha da inkişaf etdirərək, qlobal və regional miqyasda etibarlı tərəfdaş statusunu möhkəmləndirmişdir. Dövlətimizin xarici siyasət kursu praqmatik yanaşma, qarşılıqlı maraqların uzlaşdırılması və suveren bərabərlik prinsipləri üzərində qurularaq, beynəlxalq münasibətlər sistemində balanslı və çoxvektorlu diplomatik fəaliyyətin həyata keçirilməsini təmin edir.
Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirak etməklə yanaşı, regional sabitliyin və əməkdaşlığın təşviqində təşəbbüskar mövqe nümayiş etdirir. Müasir Azərbaycan diplomatiyası, tarixi dövlətçilik ənənələrindən qaynaqlanaraq, dəyişən geosiyasi reallıqlara uyğun çevik adaptasiya qabiliyyətinə malik strateji xarici siyasət modelini formalaşdırmışdır.
Prof.Dr. Nüşabə Məmmədova
Beynəlxalq Dialog və İnkişaf Alyansının sədri
AMEA Tarix və Etnologiya İnstitutu elmi işçi
T.C.İstanbul Üniversitesi akademik araştırmacı
