Azərbaycan Ordusu: Milli Təhlükəsizliyin, Dövlət Suverenliyinin və Regional Sabitliyin Strateji Təminatçısı
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin olunması böyük ölçüdə onların müdafiə potensialı və hərbi hazırlıq səviyyəsi ilə müəyyən edilir. Qlobal və regional təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi, geosiyasi rəqabətin və yeni təhdidlərin artdığı bir dövrdə güclü, peşəkar və müasir ordu hər bir dövlətin strateji dayanıqlığının əsas sütunlarından biri hesab olunur. Bu baxımdan, Azərbaycan Respublikasında ordu quruculuğu prosesi yalnız milli təhlükəsizliyin təmin edilməsinə xidmət edən daxili siyasət istiqaməti deyil, eyni zamanda ölkənin regional və beynəlxalq təhlükəsizlik sistemində rolunu müəyyən edən mühüm dövlətçilik faktorudur. Milli ordunun formalaşması və inkişafı Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq hüququn fundamental prinsiplərinin müdafiəsi və regional sülhün təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Milli Ordunun formalaşdırılması dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevrildi. İlk hökumətdə müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. 1918-ci il iyunun 26-da “Əlahiddə Azərbaycan Korpusu”nun yaradılması barədə qərar qəbul olundu ki, bu tarix sonradan Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd edilməyə başladı.
1918-ci ilin noyabrında Hərbi Nazirliyin fəaliyyətinin bərpası, general Səməd bəy Mehmandarovun hərbi nazir, general-leytenant Əliağa Şıxlinskinin isə nazir müavini təyin edilməsi milli ordunun peşəkar əsaslar üzərində qurulmasına mühüm təkan verdi. Həmin ildə Baş Qərargah yaradıldı, hərbi məktəblər fəaliyyətə başladı və nizami ordu formalaşdırıldı.
SSRİ-nin dağılmasından sonra yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaradıldı, oktyabrın 9-da isə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun qəbul edildi. Lakin ölkədə mövcud olan siyasi böhran, vahid komandanlığın olmaması və Ermənistanın hərbi təcavüzü nizami ordunun formalaşdırılmasını çətinləşdirirdi. Həmin illərdə müdafiə əsasən könüllü batalyonlar və özünümüdafiə dəstələri vasitəsilə həyata keçirilirdi ki, bu da hərbi idarəetmədə ciddi problemlərə səbəb olmuşdu.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Ordusunda köklü islahatlara başlanıldı. Vahid komandanlıq sistemi yaradıldı, orduda nizam-intizam gücləndirildi, peşəkar kadr hazırlığı genişləndirildi və hərbi hissələrin maddi-texniki təminatı yaxşılaşdırıldı.
1994-cü ildə əldə olunan atəşkəs ölkədə hərbi quruculuq prosesinin sistemli şəkildə həyata keçirilməsinə imkan verdi. Bu dövrdə hərbi təhsil müəssisələrinin fəaliyyəti genişləndirildi, beynəlxalq hərbi əməkdaşlıq istiqamətində mühüm addımlar atıldı və milli müdafiə konsepsiyasının əsasları formalaşdırıldı.
XXI əsrdə Azərbaycan Ordusu müasir texnologiyalar, peşəkar hazırlıq sistemi və yeni idarəetmə mexanizmləri əsasında inkişaf etmişdir. 2010-cu ildə qəbul edilən Hərbi Doktrina Azərbaycanın müdafiə siyasətinin əsas istiqamətlərini müəyyən etmiş, Silahlı Qüvvələrin modernləşdirilməsi prosesini sürətləndirmişdir. Son illərdə Milli Müdafiə Universitetinin yaradılması, Türkiyə modelinə uyğun hərbi təhsil sisteminin tətbiqi, yeni komandanlıq strukturlarının formalaşdırılması və müasir silah sistemlərinin əldə edilməsi Azərbaycan Ordusunun peşəkarlığını daha da artırmışdır.
Azərbaycan Ordusunun inkişaf tarixində ən mühüm mərhələlərdən biri 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsi olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, müasir hərbi idarəetmə, innovativ texnologiyaların tətbiqi və effektiv əməliyyat planlaşdırılması nəticəsində öz ərazi bütövlüyünü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrinin həyata keçirilməsini təmin etmişdir. Bu qələbə yalnız Azərbaycanın hərbi tarixində deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi reallıqlarında yeni mərhələnin başlanğıcını qoymuşdur.
44 günlük Vətən müharibəsi müasir müharibələrin xarakterini dəyişən yeni hərbi yanaşmaların, xüsusilə pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli silah sistemlərinin və şəbəkə əsaslı əməliyyatların effektivliyini nümayiş etdirdi. Azərbaycan Ordusunun əldə etdiyi uğur dünyanın aparıcı hərbi-tədqiqat mərkəzləri, strateji araşdırma institutları və hərbi akademiyaları tərəfindən öyrənilən mühüm hərbi təcrübələrdən birinə çevrilmişdir.
Müharibədən sonrakı dövrdə həyata keçirilən genişmiqyaslı hərbi islahatlar, Türkiyə modeli əsasında komando birliklərinin yaradılması, hərbi təhsil sisteminin modernləşdirilməsi və Silahlı Qüvvələrin yeni komandanlıq strukturuna keçidi Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da gücləndirmişdir. Bu gün Azərbaycan Silahlı Qüvvələri müasir silahlanma, peşəkar kadr hazırlığı, texnoloji imkanları və döyüş təcrübəsi baxımından regionun ən güclü ordularından biri hesab olunur.
Beynəlxalq hərbi potensialın qiymətləndirilməsi üzrə aparılan tədqiqatlarda Azərbaycan Ordusu dünyanın qabaqcıl silahlı qüvvələri sırasında yer almaqdadır. Azərbaycanın hərbi gücü artıq yalnız milli təhlükəsizliyin təminatçısı deyil, eyni zamanda regional sabitliyin, enerji və nəqliyyat təhlükəsizliyinin, həmçinin beynəlxalq sülh və əməkdaşlıq təşəbbüslərinin mühüm təminatçılarından biri kimi çıxış edir. Müasir dövrdə Azərbaycan Ordusu hərbi qüdrəti, strateji çevikliyi və peşəkarlığı ilə Türk dünyasının və Avrasiya məkanının mühüm təhlükəsizlik aktorlarından birinə çevrilmişdir.
Prof.Dr.Nushaba MAMMADOVA
Presizent & Founder International Dialogue and Development Allliance
