Evdə Azərbaycan dilində danışırıq – İsveçdə deputat seçilən 20 yaşlı gənc
Xəbər verdiyimiz kimi, azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı həmyerlimiz Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır.
Avropa ölkəsində deputat mandatı qazanan V.Quliyev azvision.az-ın suallarını cavablandırıb.
V.Quliyev bildirib ki, 1998-ci ildə Bakı şəhərində anadan olub. Atası İlham Quliyev və anası Aybəniz Quliyeva Zəngilan rayonunda dünyaya gəliblər. 2006-cı ildən İsveçdə yaşayır. 2015-ci ildə hakimiyyətdə olan partiyaya üzv olub. 2016-cı ildə partiyanın Haninge əyalətində Gənclər təşkilatına sədr seçilib. 2017-ci ildən isə Stokolm Universitetinin tələbəsidir: “Sosial, diplomatiya və beynəlxalq münasibətlər üzrə təhsil alıram. İsveçdə hakimiyyətdə olan Sosial Demokratlar Partiyasından Haninge əyalətindən parlamentə millət vəkili seçilmişəm. 20 yaşım var və Haninge əyalətinin fəal gənclərindən biriyəm. Həm də təmsil etdiyim partiyanın fəal üzvüyəm. Bu səbəblərdən seçkidə iştirak etdim və uğur qazandım”.
Deputat bildirib ki, seçildiyi Haninge əyalətində azərbaycanlılar da yaşayır: “Burada 13-15 azərbaycanlı ailə var… Azərbaycan mənim üçün əzizdir. Hər yay və qış fəslində Azərbaycana gəlirəm. Paytaxt Bakı və Azərbaycanın bütün rayonları hər il daha da gözəlləşir. Biz evdə Azərbaycan dilində danışırıq. Azərbaycan mənim sevimli vətənimdir”.