Rauf Zeyni Prezidenti təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident!
Sizi, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, Azərbaycanımızın daha da çiçəklənməsi və inkişafı yolunda  fəaliyyətinizdə uğurlar arzulayırıq!
Bu gün Azərbaycan tarixinə parlaq, qürurverici, şanlı, tarixi zəfərlərimiz yazılır. Sizin Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusu 30 il ərzində Ermənistan silahlı birləşmələrinin işğalı altında qalan torpaqlarımızı addım-addım işğaldan azad etmişdir. Sizin yerinə yetirdiyiniz siyasəti dəstəkəyərək ətrafınızda yumruq kimi birləşərək apardığımız müqəddəs Vətən müharibəsi Azərbaycan xalqını 30 illik arzu və istəklərinə qovuşdurmuşdur.
Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq Sizin göstərişinizlə müzəffər Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu başlatdığı əks-hücum əməliyyatları nəticəsində 5 rayonumuzun şəhər və qəsəbələri, yüzlərlə kəndi, strateji əhəmiyyət daşıyan yüksəkliklər düşməndən təmizlənmiş, həmin ərazilərimizdə üçrəngli bayrağımız əbədi olaraq dalğalandırılmışdır. Digər ərazilərimiz isə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanat ilə geri qaytarılmış, bununla da  mənfur düşmənin məğlubiyyəti bərqərar olmuşdur. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, qüdrətli və yenilməz sərkərdəmiz – Sizin rəhbərliyinizlə cəsur zabit və əsgərlərimiz dünya güclərinin uzun illər göz yumduğu tarixi ədaləti bərpa etmişdir.
 Ölkəmizin ərazi bütövlüyünün bərpası, əzəli torpaqlarımızın erməni işğalından azad olunması uğrunda canından-qanından keçən şəhidlərimizin qisasının yerdə qalmadı. Dəfələrlə Siz xalqa etdiyiniz öz müraciətlərinizdə xalqımıza dövlətimizin, Azərbaycan Ordusunun haqq yolunda olduğunu, böyük qələbənin hər gün, hər an yaxınlaşdığını qətiyyətlə və inamla bəyan etmişdiniz. Müharibənin ilk günündən sentyabrın 27-də xalqa müraciətinizdə bir daha qətiyyətlə bildirmişdiniz: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Azərbaycan xalqı Sizin apardığınız siyasəti hər zaman dəstəkləyir və bu böyük qələbəyə hər bir vətəndaş inanmışdır.
Möhtərəm Prezident!
2006-ci ildə Sizi doğum gününüz münasibətilə təbrik etdiyim məktubda qeyd etmişdim ki, Siz Azərbaycan xalqının yaddaşında Qurucu İlham kimi qalacaqsınız. 44 günlük Vətən müharibəsində Sizin rəhbərliyiniz və müzəffər Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində qazanılan zəfər son iki əsrdə tarixdə görülməmişdir. Buna görə də Siz artıq Qarabağ Fatehi kimi yaddaşlara həkk olunacaqsınız.
Sizi Azərbaycan Milli QHT Forumu adından və şəxsən öz adımdan torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edir, Sizinlə qürur duyduğumuzu bildiririk. Azərbaycan xalqına yaşatdığınız bu tarixi azadlıq üçün vətəndaş cəmiyyəti kimi öz təşəkkürümüzü bildiririk və Sizə böyük uğurlar diləyirik.
Dərin hörmət və ehtiramla,
Rauf Zeyni
MQF-nin prezidenti

About Author