“Prezidentin Fərmanı böyük tarixi və siyasi əhəmiyyətə malik hüquqi aktdır” ALYANS SƏDRİ ŞƏRH ETDİ
“Möhtərəm сənab Prezident İlham Əliyevin iyunun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı İkinci Qarabağ müharibəsindən sonra aparılan beynəlxalq danışıqların məntiqi yekunudur, böyük tarixi və siyasi əhəmiyyətə malik sənəddir”. Bu sözləri idda.org-a verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova deyib.
Alyansının sədri vurğulayıb ki, ikinci Qarabağ müharibəsi təkcə Ermənistan ordusunun darmadağın edilməsi və torpaqlarımızdan qovulması ilə nəticələnmədi, eyni zamanda, XX əsrin əvvəllərində Azərbaycandan qoparılmış tarixi torpaqlarımız olan Zəngəzur məsələsini də gündəmə gətirdi.
“30 illik hərbi münaqişə dövründə Dağlıq Qarabağla bağlı danışıqlar masasında olmayan Zəngəzur məsələsi 2020-ci ilin 10 noyabr razılaşmasının bəndlərindən birinə çevrildi. Bu və hər birimiz üçün qürurverici müasir dövr tariximiz cənab Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli, prinsipial mövqeyinin nəticəsidir.
İqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanda tarixi faktlara istinad olunaraq göstərilir ki, “Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir”.
Azərbaycanın tarixi Zəngəzur ərazisi, Zəngəzur qəzası Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. 1920-ci il dekabrın 1-də Zəngəzurun qərb hissəsi Ermənistana verildikdən sonra Azərbaycan ərazisi parçalanıb, Naxçıvanla quru əlaqələr kəsilib. Bu gün Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə yanaşı, Zəngəzur dəhlizinin, Naxçıvanla birbaşa əlaqələrimizin və Türk dünyasının quru sərhədlərinin birləşməsi siyasi gündəmin əsas mövzusudur.
14 iqtisadi rayondan ibarət yaradılmış yeni iqtisadi ərazi bölgüsündə xüsusi diqqət cəlb edən digər əsas müddəalardan biri Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını birləşdirən Qarabağ iqtisadi rayonunun yaradılmasıdır. Qarabağ iqtisadi rayonunun yaradılması Azərbaycan iqtisadiyyatının bütövləşməsi, daha da yüksələn xətlə inkişaf etməsi, beynəlxalq iqtisadi, sosial layihələrin artması və turizmin daha da inkişafı üçün geniş imkanlar yaradacaqdır”, deyə Nüşabə Məmmədova deyib.