Nüşabə Məmmədova: İrəvan ermənilərə bu şərtlərlə verilmişdi
Beynəlxalq Dialoq və İnkişaf Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” layihəsi çərçivəsində İsveç Krallığının paytaxtı Stokholm şəhərində “Sollentuna havbud bibliotekshuset” kitabxanasında sərgi – konfrans təşkil edib.
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, tarix elmləri namizədi Nüşabə Məmmədova QHT.az saytına İsveç Krallığına səfəri və rəhbərlik etdiyi təşkilatın Stokholmda keçirdiyi tədbir ilə bağlı müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Nüşabə xanım, salamlayırıq Sizi. İlk olaraq Stokholm səfəri ilə bağlı soruşaq. Səfər kim tərəfindən təşkil olundu və necə keçdi?
-İsveç Krallığının paytaxt şəhəri olan Stokholma səfərlə bağlı onu deyə bilərəm ki, səfərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” mövzusunda layihə ilə bağlı idi. Layihənin əsas məqsədi Azərbaycanın qədim torpağı olan İrəvanın Ermənistana siyasi mərkəz olaraq verilməsinin 100 illik dönümü ilə əlaqədar İrəvanla bağlı tarixi həqiqətlərin, o cümlədən XIX əsrin əvvəllərindən etibarən bu əraziyə kütləvi erməni köçürülmələri, yerli əhalinin demoqrafik göstəricisinin aşağı salınması və məcburi deportasiyaların məqsədli təşkili, İrəvanın Ermənistana paytaxt olaraq verilməsinin siyasi məqamlarının, qarşılıqlı razılaşma, Azərbaycan tərəfinin qoyduğu şərtlər və digər məsələlərin gündəmə gətirilməsi və bununla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olmuşdur.
-Nəyə görə bu tədbiri məhz İsveç Krallığı, Stokholmda keçirməyi qərara aldınız?
-100 il bundan öncə, Azərbaycan Şərqdə ilk dəfə olaraq respublika formasında öz müstəqilliyini elan etdi. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini yaşadaraq, öz dövrünün dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Müstəqilliyinin elan olunmasından bir neçə gün sonra, may ayının 30-da Azərbaycan Nazirlər Şurasının sədri Fətəlixan Xoyskinin imzaladığı müstəqillik haqqında məlumat radioteleqrafla bütün ölkələrin xarici işlər nazirliklərinə, o cümlədən İsveç Krallığının xarici işlər nazirliyinə göndərildi. Bu il eyni zamanda Azərbaycanın 17 ölkə ilə, o cümlədən İsveç Krallığı ilə diplomatik əlaqələrinin yaradılmasının 100-cü ildönümüdür. 1918-ci ildə İsveç konsulluğu Bakının mərkəzində yerləşirdi. Həmin vaxtda İsveç Krallığının Azərbaycanda konsulu K.K.Vander-Ploud idi. İsveç konsulu K.K.Vander-Ploud həmin vaxtda Bakıda və bütün Azərbaycanda baş verən siyasi proseslər haqqında öz ölkəsinə məlumatlar göndərmişdir. “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” olaraq biz, tarixi mövzuya həsr olunmuş bu tədbiri 1918-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan və həmin dövrün tarixi həqiqətlərini, həmçinin epiqramlarını öz arxivlərində qoruyub saxlayan ölkələrdən birində – İsveç Krallğının paytaxtı Stokholm şəhərində keçirmək qərarına gəldik.
-Səfərə necə hazırlaşmışdınız və baş tutdumu?
– Səfər öncəsi, biz artıq bütün hazırlıq işlərini yekunlaşdırmışdıq. İsveç Krallığının paytaxtı Stokholm şəhərində tədbirin təşkili ilə bağlı olaraq, Azərbaycanda olan əlaqədar qurumlara – Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinə,Azərbaycanın İsveç Krallığındakı səfirliyinə, İsveçdə Azərbaycan Naminə Təşkilatına və İsveçdə fəaliyyət göstərən digər bir neçə KİV və QHT nümayəndələrinə məktublar göndərmiş və danışıqlar aparmışdıq. İsveçdə tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan dövlət orqanlarına məlumat formalı məktublar göndərilmiş və bir neçə dövlət orqanlarının rəhbər nümayəndələri ilə görüşlər keçirilmişdir.
İsveç Krallığında keçiriləcək tədbir üçün lazım olan vəsaitlərin, xüsusilə İrəvanın Ermənistana siyasi mərkəz olaraq verilməsi ilə bağlı sənədli film üçün materialların toplanması və bukletin hazırlanması məqsədilə, 3 ay müddətində Azərbaycan Dövlət Tarix Arxivində, Azərbaycan Respublikası Dövlət Arxivində, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Arxivində və Baş Fondunda mövzu üzrə araşdırmalar apardıq və çox qiymətli sənədlər əldə etdik. Həmin sənədlərdən filmin və bukletin hazırlanmasında istifadə edilmişdir. Bütün vəsaitlər ingilis dilinə tərcümə olunmuşdur. Hazırlanan vəsaitlərin – sənədli film (disklərdə), slayd təqdimat (disklərdə), buklet və s. tədbirdə sərgisi təşkil olundu. Tədbir Svtokholmda “Sollentuna havbud bibliotekshuset” kitabxananın konfrans zalında keçirildi.