Koronovirusla bağlı faktlar və dəlillər…

Koronovirus pandemiyası dünyanın beynəlxalq ictimai-siyasi xəritəsini az qala iflic edib. Dünya ağalığı uğrunda mübarizə aparan güclər sözün həqiqi mənasında KORONAvirusun qarşısında aciz qalıb. Çünki virus təhlükəsi qlobal inkişafın əsasını təşkil edən inteqrasiya, svilizasiyalararası dialoqu inkar edir və dünyanın siyasi, iqtisadi, mədəni resursslarının öz sərhədlərini, qapılarını bağlayaraq ünsiyyətdən, dialoq mühitindən təcrid olma zərurətini yaradır. Yeni virtuallaşan dünyada nə baş verir?!. Maraqlıdır, bu cür təcrid siyasətinin aparılması hansı yeni düzənin, yeni formasiyanın yaradılmasına xidmət edir və nəyə görə hədəfdə insandır?  Yəqin ki, məsələ siyasi təhlilçilərin sonrakı araşdırmalarının əsas mövzusu olaraq öz çözümünü tapacaq. Hələlik isə dünya bu pandemiyadan daha az itki ilə çıxmaq üçün çarpışır.

Bu gün görünən odur ki, Azərbaycan da bu pandemiyadan kənarda qalmır və rəsmi məlumatlara istinad etsək yoluxmalar var. Təbii ki, Koronovirisin yaranma səbəbləri, hələ də virus əleyhinə voksinin tapılmaması, virusun törətdiyi təhlükənin Çindən başlayaraq daha çox Avropanın mərkəzini çökdürməsi birmənalı qarşılanmır.

 

“Bu çətin qlobal problemin hökm sürdüyü dönəmdə məqsədlərə nail olmaq üçünölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsinə doğru atılan addımdır”

 

Mövcud situasiyada Azərbaycanın durumunu dəyərləndirən Milli QHT Forumunun vitse=prezidenti, politoloq Nüşabə Məmmədova Versus.Az-a bildirib ki, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər planının işlənməsinə dair sərəncam imzalandı. Həmin sərancamda əsas xəttdə əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi dayanır.  Bu, eyni zamanda bütün məsələlərdə olduğu kimi, bu çətin qlobal problemin hökm sürdüyü dönəmdə məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsinə doğru atılan addımdır.

Politoloq hesab edir ki, cənab Prezidentin mövcud vəziyyətlə bağlı “Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması və koronovirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu Fərmana əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması, həmçinin həyata keçirilən bütün tədbirlər ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

 

“Hökmranlıq uğrunda mübarizə aparan güclər bir virusun təhdidinə məruz qalıb”

 

N.Məmmədova həmçinin, son bir neçə ay ərzində artıq dünyanın COVİD-19 – koronavirus pandemiyasının təsiri altında əziyyət çəkdiyini müəyyən faktlarla önə çəkib.

“Dünyada koronavirusun yayılma xəritəsi hər gün bir neçə dəfə dəyişir. Sizin də qeyd etdiyiniz kimi, hökmranlıq uğrunda mübarizə aparan güclər bir virusun təhdidinə məruz qalıb. Hər gün minlərlə insan silahlı münaqişələr olmadan, təcavüzkar hərəkətlərə yol verilmədən virusun qurbanına çevrilir, həyatlarını itirirlər. Digər tərəfdən virusdan təsirlənən insanların sayı artmaqdadır. Dünyanın mozaik görüntüsü solğunlaşıb, ölkələr özünəqapanma, təcrid olunma yolunu seçmək məcburiyyətində qalıblar.  Virisun sürətlə artdığı bir dönəmdə böhran vəziyyətində olan dünyanın güc dövlətləri nəinki öz rəqiblərinin, hətta müttəfiqlərinin də yardım çağırışlarına məhəl qoymurlar. Dünya “koronovirus panikası” yaşamaqdadır.  Çində başlanğıc alan bu virus Azərbaycan da daxil olmaqla, 169 ölkə və ərazidə yayılıb. World Health Organization rəsmi saytında qurumun baş direktorunun verdiyi 27 mart tarixinə olan məlumata görə artıq yarım milyondan çox təsdiqlənmiş COVID-19 və 20 mindən çox ölüm hadisəsi var. Bunlar faciəli rəqəmlərdir və bu rəqəmlər hər dəqiqə artmaqda davam edir. Bu gün dünya əhalisi böyük risklə üz-üzədir. Məhz hər zaman tarixin belə çətin sınaqlarında tarixi şəxsiyyətlər, xalqın liderləri öz praqmatik addımları ilə seçilirlər”.

Politoloq bildirib ki, dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhlükəsizlik strategiyası və qəbul etdiyi operativ qərarlar yarana biləcək təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi istiqamətində strateji xətti müəyyənləşdirdi. Belə ki, Respublika Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkə sərhədlərinin bağlanması, xarici ölkələrə aviareyslərin ləvğ edilməsi, təhsil müəssisələrinin, həmçinin bir çox dövlət qurumlarının fəaliyyətlərinin müvəqqəti dayandırılması və digər həyata keçirilən operativ tədbirlər pandemiyanın yayılmasının qarşısının alınması və yayılmasının minimuma endirilməsi istiqamətində həyata keçirilən praqmatik addımlardır.

Politoloq hesab edir ki, koronovorus pandemiyasının bütün təsir aspektləri ilə yanaşı dünya iqtisadiyyatına ciddi təsiri bundan sonrakı dönəmdə daha aydın görünəcəkdir. Buna görə də, dövlətimiz tərəfindən mövcud qlobal böhran vəziyyətinin Azərbaycana mənfi təsirinin qarşısının alınması məqsədilə önləyici planların işlənib hazırlanmasına start verildi.

 

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır”

 

N.Məmmədova vətəndaş cəmiyyətlərinin belə bir dönəmdə hansı fəsliyyət proqramları ilə çıxış etmələri və ümumilikdə Azərbaycan insanının bu məsələyə yanaşması ilə bağlı nüanslara toxunub. O, bildirib ki, hazırda ölkəmizdə koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır. Əhalinin sağlamlığının qorunması, təhlükəsizliyi istiqamətində bütün güclər birləşib.

“Qeyd etdiyimiz kimi, bir neçə gün bundan öncə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı,  Fondun vəsaitinin formalaşması, idarə olunması və ondan istifadə qaydaları təsdiq edildi. İlk addım olaraq möhtərəm Prezidentimiz və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən bir illik əmək haqlarının fonda ianə etmələri milli birliyə, könüllü səfərbərliyə örnək addım oldu. Bundan sonra Fonda ianə etməklə müxtəlif dövlət qurumları, ali təhsil müəssisələri, yüzlərlə şirkətlər, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər milli həmrəylik nümayiş etdirdilər. Həmin Fərmandan irəli gələrək Azərbaycan Milli QHT Forumu (MQF) ölkə ictimaiyyətinə müraciət etdi və hər bir MQF üzvü olan QHT rəhbərinə Koronavirusla Mübarizə Fonduna maddi yardım göstərmək tövsiyəsi etdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən bu istiqamətdə həyata keçirilən tədbirlər xüsusilə insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə istiqamətində edilən yardımlar, həyata keçirilən tədbirlər bütün tərəfləri ilə mühüm əhəmiyyətə malik olması ilə yanaşı, köməyə ehtiyacı olan yüzlərlə insana mənəvi dayaq baxımından misilsiz dəyərə malikdir.

 Mövcud vəziyyətdə ölkədə bütövlükdə vətəndaş cəmiyyəti institutları tərəfindən əhalinin xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq profilaktik tədbirlərin görülməsi istiqamətində ictimai monitoring, məlumatlandırma kompaniyaları və digər aktiv fəaliyyət proqramları həyata keçirilir. Fəaliyyət proqramları çərçivəsində vətəndaşlara  Nazirlər kabineti yanında operativ qərargahın tövsiyyələrinə və müəyyən etdiyi xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının vacibliyi ilə bağlı məlumatlar verilir. Bu istiqamətdə mühüm addımlardan biri olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və  REAL TV Yayım Şirkətinin birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasıdır. Bu kampaniyaya martın 27-dən start verilib və paytaxtın Xətai və Nizami rayonlarında monitorinqlər aparılıb, əhaliyə karantin qaydalarına ciddi şəkildə əməl etməyin vacibliyi çatdırılıb. Bu kampaniyanın ölkəmizin müxtəlif ərazilərində həyata keçirilməsi nəzərdə tutulub. Düşünürük ki, vətəndaş cəmiyyəti institutlarının kampaniyada iştirak etməsi vəndaşların xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması işinə töhvə verəcək, yaşı 65-dən yuxarı olan soydaşlarımızın üzləşdiyi çətinliklərin həllinə yardım edəcəkdir”.

 

“Koronavirus pandemiyasının böyük siyasətin bir qolu olaraq qəbul etmək və bununla bağlı müzakirələr aparmaq üçün hələ ki heç bir əsas görünmür”

 

N.Məmmədova pandemiya ətrafında səslənən müxtəlif mülahizələrə də diqqət ayırdı. Belə ki, bir çox ekspertlər bu virusun terrordan da təhlükəli olduğunu və bokterioloji silah kimi dünyanı təhdid etdiyini iddia edirlər. Təbii olaraq, koronavirusla bağlı virtual həyatın önə çəkilməsi ilə hansı oyunların və dünyada hansı düzənin yaradılmasına yönələn siyasətin nədən ibarət olması xanım politoloqun prizmasında daha fərqli şəkildə təhlil olundu.

Onun fikrincə, əslində koronavirusun süni şəkildə hazırlanmış və bioloji bir silah olduğunu eşitmək təsadüfi deyil.

“Bu barədə xarici mediada dezinformativ yazılar dərc olunmaqdadır. EUvs saytının yazdığı məlumatda bildirilir ki, 2 il öncə-2018-ci ildə Wuhan universiteti öz nəzdində dünyada ən təhlükəli patogenləri araşdıran yüksək təhlükəsizliyə malik bioloji laboratoriya açdı. Hazırkı COVİD-19-koronavirus pandemiyasının həmin laboratoriyadan sızmasını ehtimal edən mülahizələr vardır. Və digər bir çox versiyalar var. Lakin bütün bunlar ehtimallar üzərində qurulduğu üçün yeni koronovirusun bioloji silah olduğunu iddia edən fikirləri təsdiq etmir. Ümumdünya Səhiyyə Təşkilatı virusun başlanğıc nöqtəsi olaraq Çin hökuməti və qlobal mütəxəssislər ilə virus haqqında daha çox məlumat əldə etmək üçün araşdırmalar aparırlar. Nəticə olaraq COVİD-19 virusunun, digər  virusları ehtiva edən bir virusdan heç bir fərqi olmadığını və kütləvi qırğın silahı olaraq süni şəkildə inkişaf etdirildiyinə dair heç bir dəlil olmadığı bəyan edilmişdir. Ona görə də koronavirus pandemiyasının böyük siyasətin bir qolu olaraq qəbul etmək və bununla bağlı müzakirələr aparmaq üçün hələki heç bir əsas görünmür. COVİD-19 – koronovirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən epidemiya olaraq öz təsdiqini tapıb”.

 

Politoloq qeyd edərək bildirib ki, koronavirus pandemiyası tarixdə ilk epidemiya deyil.

“Bu kimi və bundan daha ağır epidemiyalar tarix boyu insanları izləyən, kütləvi ölümlərə səbəb olan viruslar, qrip, vəba və digər yoluxucu xəstəliklər nəinki bioloji silahların, hətta odlu silahların mövcud olmadığı dövrdə tüğyan etmişdir. Son iki əsrə yaxın müddətdə bir neçə tarixi arqument bildirmək istərdim:

1852-1860-ci illərdə Rusiya imperiyası ərazisində vəba xəstəliyindən ölkə əhalisinin 1.000.000 nəfəri, 1889-1890-ci illərdə dünyada yayılan qrip epidemiyasından 1.000.000 nəfər, 1918-1920-ci illərdə dünyada yayılan qrip epidemiyasından 75.000.000 nəfər, 1957-1958-ci illərdə dünyada yayılan qrip epidemiyasından 2.000.000 nəfərin ölümü qeydə alınmışdır. Biz kütləvi ölümlərə səbəb olan bu epidemiyaların, xüsusilə texnologiyanın, elmin, o cümlədən tibb elminin sürətlə inkişaf etdiyi dövrdə təhlükəli xəstəliklər dövrünün keçmişdə qaldığını güman edirdik.

Bu gün dünya dövlətləri koronovirus pandemiyasına qarşı mübarizədə misilsiz tədbirlər həyata keçirirlər, insanları bu pandemiyadan xilas etməyə çalışırlar. Bəli, irqindən, dini mənsubiyyərindən, hansı qitə, hansı dövlətin vətəndaşı olmağımızdan asılı olmayaraq biz eyni planetin sakinləriyik. Düşünürəm ki, bütün acıları ilə yanaşı COVİD-19 müsbət tərəfləri ilə düşüncələrdə iz qoyacaq, ən önəmlisi isə insanlığa olan biganəliyə qarşı immunitet formalaşdıracaqdır”.

T.Qafarlı

Versus.az

About Author