Milli QHT Forumunun vitse-prezindeti: Azərbaycanda QHT-lərin inkişafı istiqamətində ciddi problemlər var

Nüşabə Məmmədova:

“Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin aktiv mövqe tutması olduqca vacibdir”

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”-yə müsahibə verib.
“Ermənistana sanksiyaların tətbiq olunması qaçılmazdır”
– Nüşabə xanım, müasir Azərbaycanın hazırki ictimai-siyasi mənzərəsini necə dəyərləndirirsiniz. Necə hesab edirsiniz, bu gün sosial, siyasi, iqtisadi, eləcə də beynəlxalq müstəvidə cərəyan edən və gərginliyi ilə müşahidə olunan proseslərin fonunda, cəmiyyətimiz nə dərəcədə inkişaf edə bilir, inkişafın qarşısını alan məqamlar nə ilə bağlıdır?
– Hazırda dünyanın qarşıdurma vəziyyətində olduğu, xüsusilə regionda  gərginliyin artdığı, müharibələrin alovlandığı biz zamanda öz sabitliyini qoruyub saxlayan Azərbaycan sabitlik adası, inkişaf məkanıdır. Ölkəmizdə sabit və dinamik inkişaf dövlət siyasətinin, eyni zamanda xalqla iqtidar arasında birliyin  nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatlar, ölkə əhalisi tərəfindən yüksək dəyərləndiriliir və dəstəklənir. Son illərdə ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, məhkəmə sisteminin, həmçinin qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi,  və korrupsiyaya qarşı mübarizə üzrə  Milli Strategiyanın, bir sıra mühüm dövlət proqramlarının, o cümlədən  Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının və digər mühüm əhəmiyyətli qərarların qəbul edilməsi cəmiyyətin  inkişafına yönəlmiş mühüm əhəmiyyətli addımlardandır. Ötən ildə bütün sahələrdə – sosial-iqtisadi, mədəni quruculuq, kadr islahatları və digər sahələrdə aparılan islahatlar ölkədə tam yenilənmə texnologiyasını reallaşdırdı. “Doing Business 2019” Hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olundu. İnkişaf mühitinə görə ölkəmiz dünya miqyasında 25-ci yerdədir. Bu ölkəmizin son dövrdə əldə etdiyi uğurlarından yalnız biridir.
Lakin uğurlarımızla yanaşı, inkişafımıza əngəl törədən, qarşısını alan məqamlar vardır. 30 ildir Ermənistanın ərazi iddialarının nəticəsi olaraq, xalqımız müharibə şəraitində yaşayır. Hər gün Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşkəs rejimi pozulur və bundan sərhəd bölgələrində yaşayan dinc sakinlər əziyyət çəkirlər. Ermənilərin artilleriya atəşləri nəticəsində sərhədlərdə günahsız insanlar, qadınlar, uşaqlar öz evlərində, həyətlərində öldürülürlər. Bu gün Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və onun ətrafında olan 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 30 ildir Azərbaycanın işğal olunmuş ərazilərində təbii resursslarından-yeraltı və yerüstü təbii sərvərlərimizdən yaralana bilmirik. Bu hər il dövlətimizin  büdcəsinə gələcək olan milyonlarla dollarlıq vəsaitin itkisi deməkdir.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. 25 ildən çoxdur ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı çağırışlarına məhəl qoymur. Bu onu göstərir ki, işğala və terrora qarşı mübarizədə beynəlxalq qanunlar işləmir. Bu, böyük faciədir. Beynəlxalq qanun və qətnamələri qəbul etməyən ölkələrə, o cümlədən Ermənistana sanksiyaların tətbiq olunması qaçılmazdır. Yalnız bu halda dünyada gündən-günə artan münaqişələrin nisbətən qarışısının alınmasına nail olmaq mümkün ola bilər.
– Ölkəmizin hərtərəfli inkişafı üçün başlıca şərt hesab olunan Vətəndaş Cəmiyyətinin yaradılması və quruculuğu prosesi necə gedir? QHT sahəsində ixtisaslaşmış bir mütəxəssis olaraq, bu sahədəki boşluqları nə ilə izah edə bilərsiniz. Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafı üçün vətəndaşdan tələb olunan nədir?
– Azərbaycanın dinamik inkişafını, əldə olunan uğurları vətəndaş cəmiyyəti olmadan, vətəndaşların ölkə daxilində gedən ictimai-siyasi, sosial-iqtisadi proseslərdə fəal iştirakı olmadan  təsəvvür etmək mümkün deyil. Bütün proseslərin fonunda vətəndaş amili dayanır.
Azərbaycanda çağdaş dövrmüzdə vətəndaş cəmiyyətinin yaradılması Ümummulli liderimiz, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə vətəndaş cəmiyyətinin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, ölkədə vətəndaş cəmiyyəti institutlarının yaranması və formalaşması istiqamətində prioritet addımlar atıldı. 1997-ci ildə BMT və Azərbaycan hökuməti arasında “Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək” adlı birgə layihənin həyata keçirilməsi haqqında saziş imzalandı. Vətəndaş cəmiyyəti institutlarının institusional inkişafı və praktiki fəaliyyətinin beynəlxalq standartlara doğru istiqamətləndirilməsi müəyyən ictimai-siyasi gərginliklər dövrünü yaşayan Azərbaycan üçün çox mühüm qətiyyətli addım idi. Bu addım, post sovet məkanında qəbul edilmiş ilk tarixi qərar idi. 1999-cu ildə nəzarətsiz və pərakəndə şəkildə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarını (QHT) bir  araya gətirmək məqsədilə Azərbaycan Milli QHT Forumu 95 təşkilatın təsisçiliyi ilə yaradıldı. Bu Azərbaycanda ilk vətəndaş cəmiyyəti koalisiyası idi və ictimai sektoru formalaşdıraraq vətəndaş cəmiyyətinin aparıcı qüvvəsinə çevrilmişdi. Hazırda Azərbaycan Milli QHT Forumu 700-dən çox təşkilatı özündə birləşdirir və 6 rayonda (Şəmkir, Mingəçevir, Şirvan, Quba və Qəbələdə) Regional Resurs və Təlim Mərkəzi (RQRTM), 66 rayonda koordinasiya mərkəzi fəaliyyət göstərən ölkənin həm keyfiyyətcə, həm də kəmiyyətcə ən böyük koalisiyasıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası”nın qəbul olunması və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və digər milli donor qurumlarının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoydu.
Siz vətəndaş cəmiyyətində boşluqlarla bağlı sual verirsiniz. Hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda vətəndaş cəmiyyətinin, o cümlədən QHT-ləri inkişafı yolunda boşluqlar, problemlər də istisna deyil. Azərbaycanda QHT-lərin inkişafı istiqamətində  ciddi problemlər var Hazırda ölkəmizdə üç mindən çox QHT var. Onlardan yalnız təqribən üçdə bir hissəsi aktiv fəaliyyət göstərən təşkilatlardır. Biz Azərbaycan Milli QHT Forumu olaraq, təcrübəli QHT ekspertlərinin iştirakı ilə bir neçə dəfə ictimai dinləmələr keçirdik. Fəaliyyət göstərən QHT-lərin əksəriyyəti maddi-texniki bazalarının olmaması, daimi ofisinin olmaması  və digər bu kimi problemlərlə üz-üzədir. Ölkəmizdə vətəndaş cəmiyyəti sektorun inkişafı üçün bu sahədə inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edərək islahatların aparılmasına, İcrimai Faydalılıq Əmsalının müəyyənləşdirilməsinə və digər bu istiqamətdə yeniliklərin tətbiqinə ehtiyac vardır.
– Bəli, bu gün torpaqlarımız işğal altındadır, milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Düşmən işğal etdiyi ərazilərimizdə öz bildiyini edir, şəhidlər veririk –maddi mənəvi abidələrimiz məhv edilir. Belə bir şəraitdə vətəndaş cəmiyyətləri öz sözünü lazımı formada dünyaya çatdıra bilirmi və bu istiqamətdə aparılan təbliğatı, görülən işləri yetərli saymaq olarmı?
– Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə ilə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mühüm əhəmiyyətə malik fəaliyyətini qeyd etməyə bilmərik. 2005-ci ildən Heydər Əliyev Fondu Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Qarabağın tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabaş münaqişəsi, Ermənistanın torpaqlarımıza iddiaları və işğalçı siyasəti, ermənilərin işğal olunmuş torpaqlarımızda maddi-mədəniyyət abidələrimizə qarşı terrorçu fəaliyyəti, həmçinin Qarabağ musiqi tariximizin, muğamlarımızın, milli mətbəximizin tanıdılması iştiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr misilsiz dəyərlidir. Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” kompaniyası bütün dünyada yaşayan azərbaycanlılar, bütövlükdə türk milləti üçün hərəkata çevrilmişdir. “Xocalıya Ədalət” Kompaniyası çərçivəsində Xocalı Soyqırımı dünyanın 16 ölkəsində, ABŞ-ın 22 ştatında rəsmi olaraq tanınmışdır. Bu, Heydər Əliyev Fondunun, ölkəmizin beynəlxalq diplomatiyasının uğurlardandır.
– Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemləri ilə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması qarşımızda olan ən vacib məsələlərdən biridir və bu istiqamətdə Azərbaycan dövləti ilə yanaşı digər vətəndaş cəmiyyəti institutları – QHT-lər fəallıq göstərirlər. Qeyd edim ki, vətəndaş cəmiyyəti institutlarının beynəlxalq aləmdə apardığı təbliğatların ciddi olaraq qarşılanması, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində QHT-lərin fəaliyyətinin önəmini daha da yüksəldir. Beynəlxalq arenada QHT xətti ilə həyata keçirilən təbliğatın effekti heç də rəsmi siyasətin tərkib hissəsi kimi deyil, xalqın iradəsini, yaşamını əks etdirən təbliğat olaraq qəbul edilir. Buna görə də, 30 ildən çoxdur xalqımızın yaşadığı Dağlıq Qarabağ probleminin həlli istiqamətində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əsil mahiyəti, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırılması istiqmətində QHT-lərin aktiv mövqe tutması olduqca vacibdir və bu yolda faydalı nəticələr əldə edilməkdədir. Azərbaycan Qarabağ həqiqətlərinin təbliğatı məqsədilə dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların zirvə toplantılarında, sessiyalarında said-event-lər təşkil olunur, silsilə tədbirlər, aksiyalar, sərgilər keçirlir, filmlər nümayiş olunur. Lakin xarici havadarlarının dəstəyinə arxalanan hiyləgər  düşmənlə üz-üzə qalan ölkənin vətəndaş cəmiyyəti institutları olaraq biz bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməliyik. Beynəlxalq arenada, xarici ölkə QHT-ləri, KİV-ləri, beynəlxalq təşkilatlarla daha geniş formada əlaqələr yaratmalı və inkişafı istiqamətində səylərimizi artırmalıyıq.
 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğatlı, həyata keçirdiyimiz işlər o vaxt yetərli, qənaətbəxş olacaq ki, Dağlıq Qarabağ və ərafında olan 7 rayon işğaldan azad olunsun,  qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıtsın, erməni silahlı qüvvələri tərəfindən girovluqda saxlanılan daima bizlərdən kömək gözləyən əsir və girovlarımız, o cümlədən Dilqəm Əsgərov, Şahbaz Quliyev azad olunsun, Xocalı Soyqırımını törədən cinayətkarlar öz cəzalarını alsın. O zaman bu istiqamətdə görülən işlərin nəticəsi olacaqdır.
– Nüşabə xanım, QHT-lərin xarici donor qurumlardan asılılığı və yaxud siyasi qurumlardan asılılığı tam şəkildə aradan qalxa bilibmi və milli donorluq institutunun yaradılması ilə bağlı layihələrin işlənməsində hansı məhdudiyyətlər var?
– 2020-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Könüllülər ili” elan olunub. Bu xalqı əsrlər boyu könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.  Bu fəaliyyətin təşviqi məqsədilə hüquqi baza yaradılmış, QHT-lərə dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır.
2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatılarına Dövlət Dəstəyi Şurasının-milli donorun yaradılması ölkəmizdə QHT-lərin xarici donorlardan, ölkəmizə qarşı əks həmlədə maraqlı olan bəzi siyasi dairələrdən asılılığının qarşısını alınmasında mühüm tarixi addımlardan biri idi. Bu addım cəmiyyətin bütün siyasi və qeyri-siyasi təbəqəsi üçün açıq olması ilə yanaşı QHT-lərin inkişafında yeni mərhələnin başlanğıcı, eyni zamanda demokratik dövlət quruculuğunun sürətləndirilməsi baxımından mühüm əhəmiyyətli idi. Lakin milli donorun yaradılması ilə xarici donorların ölkəmizdə azad fəaliyyəti məhdudlaşdırılsa da, QHT-lərin layihələrinin xarici donarlar tərəfindən maliyələşdirilməsinin hüquqi əsaslarla təmin edilməsi barədə hüquqi baza yaradıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən  ilə xarici donorların Azərbaycan QHT-lərinə qrant verməsinə dair yeni “bir pəncərə” prinsipinin  tətbiq olunması, Nazirlər Kabineti tərəfindən “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə verdiyi qərar Azərbaycanın vətəndaş cəmiyyətinin layihələrinin xarici donorlar vasitəsilə həyata keçirmələri üçün zəmin yaratmışdır. Hazırda ölkəmizdə dövlət qeydeyyatında olan QHT-lər layihələrini həm milli donorlar, həm xarici donorlardan ayrılan vəsaitlə həyata keçirirlər.  Xüsusi bir məqamı qeyd etmək istərdim, bir çox QHT-lər var  onlar öz ideyalarını müəyyən formada heç bir maliyyə dəstəyi olmadan, öz şəxsi vəsaitləri ilə keçirirlər. Bu xalqımızın əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənələrinin yaşadılması nümunələrindəndir.
Tahirə Qafarlı
Versus.Az

About Author