IDDA sədri: “COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi baxımından faydalı olacaqdır” – Şərh

 

COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi, eyni zamanda, xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu göstərməklə iqtisadi baxımdan son dərəcə faydalı olacaq. Digər tərəfdən bu tədbir yaşıl keçid çərçivəsində yeni layihələrin maliyyələşməsi üçün beynəlxalq maliyyə institutları ilə sıx əlaqələrin yaradılmasına, ölkəmizə qabaqcıl texnologiyaların transferinin reallaşmasına və xarici investisiya ilə yeni istehsal müəssisələrinin qurulmasına təkan verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının prezidenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova səsləndirib.

COP29-un Azərbaycanda keçirilməsinin iqtisadi dividendlərindən danışan QHT sədri bildirib ki, bu mötəbər tədbir ölkəmizin zəngin yaşıl enerji potensialını daha yaxşı şərtlərlə realizə edə bilməsinə də imkan yaradacaq. Son 4 ildə ölkəmizin işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, o cümlədən innovativ texnologiyaların tətbiq edildiyini, yaşıl enerji zolaqlarının yaradıldığını, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin reallaşdırıldığını vurğulayan QHT sədri COP29-un Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiyanın nəticəsi olduğunu deyib. O qeyd edib: “Dünyada geosiyasi ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycanda COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi dünya ictimaiyyətinin dəyərli üzvlərini bir araya gətirəcək mərkəz rolunu oynamaq, iqlim maliyyəsi və enerji keçidi kimi əsas məsələlərdə ölkələr arasında ümumi dialoq yaratmaq, dünyada sülhə dəstək kimi missiyanın həyata keçirmək istiqamətində mühüm əhəmiyyət daşıyır.

N.Məmmədova hesab edir ki, bu mötəbər tədbir Azərbaycanın maraqlarının dünyada təbliği, ölkəmizin beynəlxalq aləmdə sülhün və sabitliyin inkişafına dəstək missiyasını həyata keçirməklə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından da əhəmiyyətli olacaq. COP29 zamanı Azərbaycan ev sahibi ölkə olaraq dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin, sülh və təhlükəsizlik məsələlərinin həlli üçün qlobal mərkəzə çevriləcək.

 

https://azertag.az/xeber/cop29_azerbaycanin_yasil_iqtisadiyyata_kechidinin_desteklenmesi_baximindan_faydali_olacaq____serh-3236632

 

About Author