Nüşabə Məmmədova: “Cəmiyyətdə qadın hüquqları müdafiə olunursa, bu, həmin cəmiyyətdə bütövlükdə insan hüquq və azadlıqlarına hörmətin göstəricisidir”

Nüşabə Məmmədova: “Cəmiyyətdə qadın hüquqları müdafiə olunursa, bu, həmin cəmiyyətdə bütövlükdə insan hüquq və azadlıqlarına hörmətin göstəricisi deməkdir”

 

Sivil cəmiyyətin “qızıl kapitalı” olan insanın azad, hüquqları tanınan, təminatlı bir vətəndaşa çevrilməsi prosesində qadınların yeri və rolu xüsusilə dəyərləndirilir. Bu gün Vətəndaş Cəmiyyəti İnstitutunun düzgün formalaşması və inkişafında onun fəaliyyətinin ayrıca bir cərəyan kimi önə çəkilməsi və Qadının lokomotiv obrazının əsas müzakirə mövzusu olaraq aktuallığını qoruyub saxması, əslində sivil cəmiyyətin inkişafında tramplin kimi götürülür. Vətəndaşın qurucusu olduğu cəmiyyətin yüksəlişində ifadə etdiyi aktivlik dərəcəsi, ona nəzarətçilik funksiyası, ədalət naminə hakimliyini artırması, güclü dövlətin nüvəsini möhkəmləndirən sağlam, təfəkkürlü cəmiyyət modelinin formalaşması sistemində bir əlində tərəzi, bir əlində qılınc tutmuş qadının Ədalət və sülh  simvolu olaraq seçilməsi də təsadüfi deyil. Təbii ki, toplumda ictimai, siyasi, sosial, psixoloji sistemin fəlsəfəsində özünün xüsusi dəst-xətti, yanaşması olan qadınların sərgilədiyi davranış və buna adekvat yanaşmalar bütün fəaliyyət istiqamətlərində bir nizamlama əmsalı kimi önə çəkilir. Təsdiq olunur ki, cəmiyyətdə qadınların rolu məhz azad və demokratik quruluşlu “Qadın Cəmiyyəti”nin yaranması ilə rəvanlaşa, gözəlləşə bilər. Bəlkə də, “Qadın ətrafında fırlanan yer kürəsi”, “Qadın azadlığı, qadın gözəlliyi, qadın incəliyi”nin qorunmasına yönəldilməklə, dünyanın qorunmasına, gözəlləşməsinə doğru atılan ən mühüm addımdır.

 

Milli dəyərlərimizə istinadla ortada olan “Evi qadın qurur” deyimi daha çox ailə institutlarına şamil edilsə də, bu məsələ diskurs yanaşmanı tələb edən məqamları ortaya çıxarır. İctimai-siyasi proseslərdə Qadınların getdikcə aktivləşən fəaliyyəti vətəndaşın özünə olan güvənini, milli-mənəvi, mədəni dəyərlərinə hörmətlə yanaşmasını, özünüdərki, nizam-intizam ruporu kimi ictimai nəzarətin əsas hakimlərindən biri kimi meydana çıxarır. Bu gün Vətəndaş olaraq azad qadının, azad düşüncəyə sahiblənən cəmiyyətin qurulmasında, möhkəmlənməsində rolu, ictimai nəzarət funksiyası araşdırılmaqla mövcud reallıqlara əsasən onun fəaliyyətinə yenidən baxılması zərurəti yaranır. Əslində bu, dünyaya olan bir yeni baxışdır. Müasir dünyanın Qadını cəmiyyətdə aparıcı fiqur kimi önə gətirməkdə səbəb nədir?

 

“Müasir Azərbaycan qadınının cəmiyyətin inkişafında lokomotiv qüvvələrdən birinə sahib olması xalqımızın genetik yaddaşından irəli gəlir”

 

Versus.Az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova müsahibəsində müasir vətəndaş cəmiyyəti quruculuğunda qadının rolu və əhəmiyyəti fəlsəfəsinə diqqət çəkərək maraqlı nüanslara toxunub.

 

– Nüşabə xanım, istərdim ilk növbədə Azərbaycan qadınının ölkənin ictimai-siyasi proseslərində nə dərəcədə aktiv iştirak etməsinə diqqət çəkəsiniz. Bu gün Azərbaycan Qadını siyasətdə hansı yönləndirici təsirə malikdir?

 

– Azərbaycan qadını ölkənin sosial-ictimai-siyasi proseslərində aktiv iştirak edir. Bu da təbiidir. Hazırda ölkəmiz müharibə şəraitindədir. Hər bir Azərbaycan vətəndaşının üzərində çox ciddi milli məsuliyyət yükü var. Müstəqilliyimizin qorunması, dövlətçiliyimizin daha da inkişafı, beynəlxalq əlaqələrimizin genişləndirilməsi, tariximizin, milli mədəniyyətimizn təbliği və digər o bu kimi vəzfələrin həyata keçirilməsi zərurəti olduğu halda, qadınlarımızın ictimai-siyasi proseslərdən kənarda qalması mümkün deyil. Digər tərəfdən, müasir Azərbaycan qadınının cəmiyyətin inkişafında lokomotiv qüvvələrdən birinə sahib olması xalqımızın genetik yaddaşından irəli gəlir. Tarixin bütün dönəmlərində Azərbaycan qadınları dövlətçiliyin qorunması və möhkəmləndirilməsi, torpaqlarımızın toxunulmazlığı uğrunda birgə mübarizə aparıb, dünya tarixində cəsarət, vətənpərvərlik, müdriklik nümunələri göstərmişlər.

Azərbaycanın hökmdar qadınlarından olan Tomrisin adı Herodotun məhşur “Tarix” əsərində geniş əksini tapıb. Azərbaycanın ilk diplomat qadını Sara Xatunun xarici ölkələrlə, o cümlədən Avropa ölkələri ilə diplomatik əlaqələri dünya tarixində silinməz iz qoyub. Sonrakı dönəmlərində bu kimi örnək nümunələr tariximizin qürur duyuran səhifələrindəndir.

102 il bundan öncə müsəlman Şərqində və türk dünyasında ilk olaraq yaranan Azərbaycan Demokratik Respublikası dünyanın bir çox ölkələrindən, həmçinin Avropa ölkələrindən öncə qadınlara seçki hüququnun verilməsi ilə tarixə demokratik ənənələrin aparıcı qüvvəsi olaraq daxil oldu. Bu, Azərbaycan qadının tarix boyu siyasi proseslərdə misilsiz hünərinə verilən yüksək dəyər idi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə qadın siyasətinin dövlətin əsas prioritet istiqamətlərindən birinə çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq qadın məsələlərini əhatə edən konvensiyaları, protokolları ratifikasiya edilməklə qanunvericilikdə qadınların hüquqları təkmilləşdirilmişdir. 1995-ci ildə ölkəmiz BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına (CEDAW), 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına qoşulmuşdur.

Azərbaycanda siyasi məsələlərdə və siyasi proseslərdə qadınlarının aktivliyinin artırılması məqsədilə müəyyən edilmiş bu siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləmiş, mühüm əhəmiyyətə malik nailiyyətlər əldə etmişdir.  Hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə davamlı, yeni strateji xətt yüksək səviyyədə, uğurla davam etdirilir və bu, ölkəmizin hərtərəfli və sürətli inkişaf dövrüdür.

Dünyada son 60 ilə yaxın bir müddətdə qadınların siyasi proseslərdə rolunda, aktivliyində yeni bir dönəm başlayıb. 1960-cı ildə Sirimavo Bandaranaike dünyanın ilk qadın-baş naziri oldu. Onun rəhbərliyi ilə Şri-Lanka müstəmləkə asılılığından və müharibədən azad edildi. Sonra iki dəfə baş nazir seçildi. Avropanın “Dəmir Leydi”si Marqarit Tetçer Birləşmiş Krallığın 11 il Baş naziri oldu və Soyuq müharibə çərçivəsində Şərq bloku ölkələri ilə mübarizə apardı, ingilis siyasətini təməldən dəyişdi. Sonrakı dönəmdə qadınların siyasətə gəlməsi nəticəsində Avroasiya məkanında və ümumiyyətlə dünyada çoxsaylı maraqlı və mütərəqqi dəyişikliklər baş verdi: Hindistanın Baş naziri İndira Qandi, Pakistanın ilk qadın-hökumət başçısı Benazir Bhutto,  Asiyada ilk qadın-prezident Cory Aquino və digər qadınlar dünyanın siyasi mənzərəsinə rəng qatdılar.

 

“Azərbaycan qadınının siyasi proseslərdə aktivliyi diqqət mərkəzindədir”

 

Bu gün dünya siyasi məkanında, o cümlədən Avrasiya siyasi məkanında, Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və ISESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva qadınların siyasətə aktiv şəkildə qoşulmasının və dünya ölkələrinin əksəriyyətinin idarəetmə quruluşlarına yol imkanlarının genişləndirilməsinin nümunəsi, müasir qadın hərəkatının lideridir. Mehriban xanım Əliyevanın təşəbbüsləri və tövsiyələri ilə sivilizasiyaların platformalarının kəsişməsində yerləşən Azərbaycanın sosial, humanitar, mədəni modernləşməsinin aparıcı amilinə çevrilməsi prosesinin təməli qoyulub və inkişaf etməkdədir.

Müasir həyatımızda Azərbaycan qadınının siyasi proseslərdə aktivliyi diqqət mərkəzindədir. Demək olar ki, ictimai-siyasi həyatının bütün sahələrində qadınlar təmsil olunurlar. 2020-ci ilin rəsmi statistikasına görə, dövlət qulluğunda çalışan qadınlar 30 faizə yaxın təşkil edir,  parlamentdə qadınlar 22 mandatla təmsil olunurlar. Vətəndaş cəmiyyəti institutlarında təmsil olunanların 30 faizə yaxını qadınlar təşkil edir.   Bütün bunlar göstəir ki, Azərbaycanda siyasi məsələlərdə və siyasi proseslərdə Azərbaycan qadınının aktiv iştirakı labüddür. Siyasi proseslərdə aktiv qadınlar, öz evində vətənə layiqli övlad böyüdən analar, məktəblərdə gələcəyimiz olan uşaqlara təhsil öyrədən müəllimlər, cəmiyyətimizin sağlamlığı keşiyində daynan həkim qadınlar bu və ya digər formada ictimai-siyasi proseslərin aktivləridir. Azərbaycanımızın daha da güclənməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində dövlətimizin apardığı uğurlu siyasətə dayaq olmaq naminə daima aktiv fəaliyyətimizi gücləndirməliyik.

 

“Qadının ailədə, işdə, cəmiyyətdə layiqli yer tutması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”

 

– Siz də qeyd etdiyiniz kimi, cəmiyyətin bütün fəaliyyət istiqamətlərində əsas iştirakçı olan qadının yeri və rolu xüsusilə nəzərə çarpır. Necə hesab edirsiz, güclü vətəndaş cəmiyyətinə impuls verən qadının bir lokomotiv olaraq ortaya atılması müasir dövrün hansı zərurətindən yaranır?

 

– Qadın faktorunun cəmiyyətin əsas lokomotivlərdən birinə çevrilməsi zərurəti yalnız Azərbaycan cəmiyyəti üçün deyil, dünya dövlətlərinin qarşısında dayanan əsas prioritetlərdən biridir. Hazırda dünyanın inkişaf etmiş dövlətlərində cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılması vacib zərurətə çevrilib. Hər bir cəmiyyətdə ümumi insan hüquqları və azadlıqları kontekstində qadın hüquqlarının xüsusi yeri vardır. Hər hansı bir cəmiyyətdə qadın hüquqları müdafiə olunursa, bu, həmin cəmiyyətdə bütövlükdə insan hüquq və azadlıqlarına hörmətin göstəricisi deməkdir. Azərbaycanda dövlət tərəfindən qadına, onun hüquqlarının müdafiəsinə yüksək diqqət və qayğı göstərilir. Qadının ailədə, işdə, cəmiyyətdə layiqli yer tutması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Digər tərəfdən xalqımız üçün bütün  bunlar mənəviyyata, o cümlədən ədalət, insanpərvərlik, dürüstlük, nəciblik, alicənablıq kimi keyfiyyətlərə bağlı ənənədir. Bu gün Azərbaycan cəmiyyətində bu kimi nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək beynəlxalq aləmdə Azərbaycan qadınını tanıdan Birinci-vitse prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ictimai-siyasi proseslərdə aktiv fəaliyyət göstərən müasir qadınlar üçün bir örnəkdir.

Sizin Azərbaycan qadınının bir lokomotiv olaraq ortaya atılması müasir dövrün hansı zərurətindən yaranır sualınıza cavab olaraq bildirmək istərdim ki, bu, tarixi zərurətdir. Azərbaycan cəmiyyətində qadın faktoru daha böyük məsuliyyətdir. Azərbaycan müstəqil dövlət olaraq dünyanın ən gənc ölkələrindəndir. Dövlət müstəqilliyinin bərpa oldunduğu ilk illərdən Azərbaycan, Ermənistanın işğal siyasəti ilə üz-üzədir. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olan Dağlıq Qarabağ və ətrafında 7 rayon Ermənistanın  işğalı altındadır. 20 min Azərbaycan vətəndaşının həyatına son qoyulub, bir milyondan çox əhali öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb, yüzlərlə insan əsir və girov götürülüb. Altı il bundan öncə girov götürülmüş iki azərbaycanlı məcburi köçkünlər – Dilgəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı beynəlxalq səviyyədə görülən işlərin nəticəsi hələ ki, gözlənilməkdədir. Ermənistan tərəfindən işğal zamanı 267 qadın, 71 uşaq, 326 yaşlı insan itkin düşüb, 98 qadın, 29 uşaq, 112 yaşlı insan girov götürülüb və onlardan bu günə qədər məlumat yoxdur. Onların haqlarının müdafiəsi, ölkəmizin hər qarış torpağı uğrunda şəhid oğulların qanlarının yerdə qalmaması, şəhid analarna mənəvi dayaq bizim hər birimizin üzərində məsuliyyət daşıdığımız tarixi zərurətdir. Biz kimliyindən asılı olmayaraq, hansı vəzifə daşımağımızdan asılı olmayaraq hər birimiz öz fəaliyyətimizlə bu istiqamətdə daima töhfə verməyə, torpaqlarımızın işğaldan azad olunması, əsir və girovlarımızın geri qaytarılması uğrunda mübarizə aparmalıyıq: evdə vətənə layiqli övlad böyüdən ana, məktəbdə uşaqlara, yeniyetmələrə yüksək təhsil verən və vətənpərvər ruhda tərbiyə edən müəllim, övladlarımızın sağlamlığı keşiyində olan həkim və digər bütün sahələrdə. Unutmamalıyıq ki, Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların gərgin dönəmində Azərbaycan qadını özünə qapanmadı, vətənin igid oğulları ilə çiyin-çiyinə silaha sarılaraq döyüşlərə qatıldı, şəhid oldu, qazi oldu, müasir qadın qəhrəmanlıq tarixini yaratdı, qələmə sarılaraq qəhrəmanlıq dastanları yazdı, gənclərin milli vətənpərvərlik ruhda tərbiyyəsində əvəzsiz xidmətlər göstərdi. Bu gün ölkəmiz müharibə şəraitində olsa da, regionun lider dövləti, dünyanın ən güclü inkişaf etmiş ölkələrindən biridir və bu nailiyyətlərdə qadın rolu tarixi zərurətdən irəli gələn özünəməxsus həqiqətdir.

 

“Ən dəhşətlisi isə budur ki, bəzən belə “ziyalı”lar hətta vətəndaş cəmiyyəti institutlarında da yer alırlar”

 

– Nüşabə xanım, vətəndaş cəmiyyətinin missioneri olaraq necə hesab edirsiz, sizcə qadın hüquqlarının qorunması məsələsinin bu qədər aktual olması, rayonlarda, bəzən iş yerlərində, hələ də qadına “süpürgə” kimi baxılma tendensiyası ilə əlaqədar olaraq ortaya çıxa bilərmi? Yaxud, bəlkə bu aktuallıq, dünyanı, cəmiyyəti məhz qadın surətində güzgüdə göstərib səhvlərin düzəldilməsi üçün ortaya atılan vasitələrdən biridir?

 

– Təəssüf ki, bu gün nəinki rayonlarda sıravi insanlar arasında bu tendensiya mövcuddur, hətta cəmiyyətdə özlərini “ziyalı” olaraq təqdim edən, əslində isə mövhumatçı düşüncəli, steroetiplərindən asılı, boyunda daşıdığı mühafizəkar zəncirlərindən azad ola bilməyən şəxslər də istisna deyil. Ən dəhşətlisi isə budur ki, bəzən belə “ziyalılar” hətta vətəndaş cəmiyyəti institutlarında da yer alırlar. Bir şəxs qadının ölkənin ictimai-siyasi həyatında xidmətinin əhəmiyyətini anlamırsa və düzgün dəyərləndirə bilmirsə, həmin şəxs hansı maarifləndirmə işləri həyata keçirə bilər? Bu o deməkdir ki, vətəndaş cəmiyyəti institutları maarifləndirmə istiqamətində, bəzən həmçinin öz üzvləri arasında fəaliyyətlərini daha da gücləndirməlidirlər. Azərbaycan Milli QHT Forumu bu istiqamətdə geniş imkanlara malikdir. Azərbaycanda ilk vətəndaş cəmiyyəti koalisiyası olaraq Milli Qeyri-Hökümət Təşkilatları Forumu müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 700-dən çox təşkilatı özündə birləşdirir və ölkənin ən böyük koalisiyasıdır. Hazırda Milli QHT Forumunun 66 rayonda koordinasiya mərkəzi, 6 rayonda (Şəmkir, Mingəçevir, Şirvan, Quba və Qəbələdə) isə Regional Resurs və Təlim Mərkəzi (RQRTM) fəaliyyət göstərir. Həmin regional mərkəzlər müxtəif maarifləndirmə tədbirlərinin həyata keçirilməsində əhəmiyyətli fəaliyyət göstərir.

/”Üç Nöqtə”/

 

Tahirə Qafarlı
Versus.Az

About Author