“Prezidentin uğurlu siyasəti Ermənistanın gizli oyunlarını ifşa etdi” ÖZƏL-MÜNASİBƏT

“Ermənistan beynəlxalq siyasi sferada işğalçı, terrorçu, Nasist, Neo-Nasist, İrqçi və digər milli ayrıseçkilik siyasəti yürüdən, insan hüquqlarını pozan bir dövlət olaraq tanınır. Uzun illərdən bəri davam edən bu kimi təbliğatlar, hazırda Ermənistanın həyat tərzinə çevrilib. Lakin dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın milli ayrıseçkilik siyasətini və bu siyasətin monoetnik erməni dövlətinin əsas strateji xəttinə çevrilməsi faktını heç vaxt nəinki gündəmə gətirməyiblər, əksinə göz yumublar və ya ört-basdır etməyə çalışıblar.” Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

O, xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji diplomatiya siyasəti nəticəsində Ermənistanla bağlı bütün gizli oyunlar önə gətirilərək dünya ictimaiyyəti qarşsında ifşa olundu.

“Ötən ay iyunun 18-də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının video konfransında Cənab Prezidentin çıxışından, ciddi və qətiyyətli cavablarından “political knockout” vəziyyətinə düşən Ermənistanın baş naziri Nikol Paşinyan yersiz replikaya sürükləndi. Sammitdə Paşinyannın təxribatçı çıxışı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin mahiyyətinə ciddi təhdid oldu və beləliklə, dünya dövlətləri rəhbərləri qarşısında, beynəlxalq ictimaiyyətin gözü önündə dekonstruktiv mövqeyi ilə özünü rüsvay vəziyyətə qoydu. Qeyd edək ki, son zamanlarda bu ilk deyildi. Oxşar vəziyyət 2019-cu ilin oktyabrında Aşqabadda keçirilən MDB dövlət başçılarının Zirvəsi toplantısında, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında da baş vermişdir.

Hazırda Ermənistan tənəzzül dövrünü yaşayır. Son günlər Ermənistanda baş verən mürəkkəb siyasi proseslər, kütləvi iğtişaşlar COVİD-19 pandemiyası dövründə Ermənistanın ağır vəziyyətini daha da ağırlaşdırmaqdadır. Ağır sosial-iqtisadi vəziyyət şəraitində müxalifət nümayəndələrinin, jurnalistlərin və hakimlərin həbsi, hər hansı bir fərqli fikir bildirən insanların susdurulması və ya şantaj edilməsi, müxalifət nümayəndəsinin həbsxanada ölümü Ermənistanın siyasi mənzərəsini əks etdirir. Güvənli iqtisadi patensialı olmayan, ölkənin saxlanmasında xarici qrantlara arxalanan, soial-iqtisadi, təhsil və digər sahələri xarici donorlar vasitəsilə maliyələşdirən Ermənistan, COVİD-19 pandemiyası dövründə bu imkanlardan yetərincə yararlana bilmir. Yalnız, iyunun 30-da Fransa Prezidenti Emmanuel Makron Ermənistanı məhv olmaqdan xilas etmək məqsədilə 80 milyon avro yardım edəcəyini vəd etdi. Bu gün erməni saytları bu xəbəri böyük sevinclə paylaşırdılar. Ermənistanda bu formada ciddi ağır həyat tərzi hökm sürür. Dilənçi vəziyyətində olan Ermənistan hakimiyyəti bu reallığı dərk etməlidir və dövlət olaraq mövcud olmaq maraqlarını qrantlar hesabına deyil, regional layihələrə qoşulmaqla həyata keçirməlidir. Bunun yeganə yolu işğal etdiyi əraziləri sülh yolu ilə tərk etməsidir.

Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, ölkəmizin beynəlxalq mövqelərinin gündən-günə güclənməsi, nüfuzunun artması əks qüvvələr tərəfindən ciddi narahatlığa səbəb olur. Uğurlarımıza qara kölgə salmağa çalışan, xarici ermənipərəst qüvvələrin əlində alətə çevrilmiş bir qrup özlərini “müxalifətçi” adlandıran şəxslər bu təbliğatı hətta dövlətçiliyimizə qarşı yönəldirlər. Azərbaycan xalqı bu xəyanəti heç vaxt bağışlamayacaqdır”, deyə Nüşabə Məmmədova bildirib.

Müəllif: İnam Hacıyev

About Author