IDDA sədri Nüşabə Məmmədova Avropa Parlamentinin üzvlərinə təşəkkür məktubu ünvanladı

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova Avropa Parlamentinin üzvləri- Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyuranda təşəkkür məktubu göndərib.

Məlum olduğu kimi, 10 iyun 2020-ci ildə Avropa Parlamentində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə həlli prosesində böyük siyasi əhəmiyyət kəsb edən, yüksək siyasi əhəmiyyətə malik olan Birgə Bəyannamə qəbul edildi.  Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanmış bu sənəddə Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomagistralın tikilməsinə etiraz bildirilərək bu cür qanunsuz fəaliyyətlərin beynəlxalq hüquq normalarına zidd addım təşkil etməsi müddəası əks olundu. IDDA sədrinin göndərdiyi məktubda qeyd olunur ki, “bu kimi rəsmi bəyanatlar regionda, həmçinin Avrasiya məkanında uzun müddət davam edən münaqişələrin beynəlxalq hüquq prinsipləri əsasında sülh yolu ilə həllinə töhfə verməklə yanaşı hər bir dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı baxımından əhəmiyyətlidir.”   Həmçinin  Ermənistanın  25 ildən çox müddət ərzində BMT-nin Qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina edərək, münaqişənin həlli prosesinə mane olduğu qeyd olunur.

Məktubda regionda və dünyada sülh naminə ədalətli, humanist prinsiplərə əsaslanan əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunur.

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansının

Mətbuat Xidməti

About Author