Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova Cocuq Mərcanlıda “N” saylı hərbi hissədə oldu
Cocuq Mərcanlıda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Milli Qeyri-Hökümət Təşkilatları Forumunun birgə tədbiri keçirilib. Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Milli Qeyri-Hökümət Təşkilatları Forumunun (MQF) birgə tədbirlər planına əsasən “N” hərbi hissədə keçirilən tədbirdə Füzuli Hərbi Prokurorunun müavini, Ədliyə polkovnik-leytinantı Elşən Əli-Məmmədov, “N” saylı hərbi hissənin hərbi qulluqçuları, MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və MQF Elm və Təhsil Mərkəzinin direktoru, “Əsgər anaları şurası”nın sədri Leyla Gərayzadə iştirak ediblər.
MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxış edərək son illər ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusunun hərbi potensialının və müdafiə qabiliyyətinin xeyli artdığını, eyni zamanda ordu quruculuğu istiqamətində ardıcıl surətdə dünya təcrübəsi nəzərə alınmaqla mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Həmçinin qeyd etdi ki, 2003-cü ildən ilə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan Ordusunu dünyanın ən qüdrətliləri sırasına daxil olmasına imkan yaradıb. Məhz onun nəticəsidir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən, istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Milli Ordunun uğurlu hərbi əməliyyatı nəticəsində işğaldan azad olunmuş bu torpaqlarda uzun fasilədən sonra həyat yenidən qurulub, vətəndaşlar öz doğma torpağında yaşayırlar. Bu ərazinin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqının bir amalı var ki, tezliklə işğal altında olan torpaqlarımız azad olunsun. Cocuq Mərcanlıda 150 evdən ibarət qəsəbə bizim milli ordumuzun gücünün rəmzidir.
MQF Elm və Təhsil Mərkəzinin direktoru, “Əsgər anaları şurası”nın sədri Leyla Gərayzadə çıxış edərək bildirdi ki, Azərbaycan Ordusunun formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Azərbaycan Ordusunun quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib və bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə və ölkəmizin ərazi bütövlüyünü qorumağa hər zaman hazırdır. Bu gün biz ordumuzun düşmən təxribatına qarşı uğurlu hərbi əməliyyatı nəticəsində işğaldan azad olunmuş müqəddəs tarixi torpağımızdayıq. Bu tarixi torpaqlarımızda yenidən bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib. İşğaldan azad olunmuş torpaqlarımız dövlətimizin, ordumuzun gücünün göstəricisidir. Bu, eyni zamanda onu göstərir ki, biz hələ də işğal altında olan bütün torpaqlara qayıdacağıq.
MQF Mətbuat Xidməti