Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova Ankarada keçirilən “UTRAK 2019” II Uluslararası Türk-Rus Dünyası Akademik Araşdırmalar Konqrensində çıxış edib

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova Ankarada keçirilən “UTRAK 2019” II Uluslararası Türk-Rus Dünyası Akademik Araşdırmalar Konqrensində “Rusiyada Türk Əsir Kampları (1914-1918)” mövzusunda çıxış edib və müəllif tərəfindən hazırlanan eyni adlı sənədli film nümayiş olunub.

 

Birinci dünya müharibəsində 8 milyon əsgər və zabit əsir götürülmüş, onlardan 60 min nəfəri rus ordusu tərəfindən əsir alınan türk ordusu əsgər və zabitləri idi.

Əsir alınmış zabit və əsgərlərə humanist davranış üzrə dünya müharibə tarixində ilk dəfə olaraq, XX əvvəllərində beynəlxalq hüquqi aktlar, o cümlədən 1907-ci ildə Haaqa Konvensiyasında qəbul olundu. Haaqa Konvensiyası maddələri beynəlxalq hüququn hərbi əsirlərə humanist münasibət göstərməyin vacibliyini qəbul edirdi. Birinci Dünya müharibəsi iştirakçısı olan blok dövlətlər Konvensiyaya qoşulan ilk dövlətlərdən biri Rusiya idi. 1914-cü il oktyabr ayında çar II Nikolay tərəfindən təsdiq edilmiş “Hərbi əsirlər haqqında qaydalar” qəbul etməklə 1907-ci il Haaqa Konvensiyasına qoşuldu və əsirlərlə humanist davranma öhdəliyini öz üzərinə götürdü. Bu gün türk hərbi əsirləri ilə bağlı tam mənzərəni yenidən yaratmaq çətindir, həmçinin Rusiyaının 1914-cü ildə üzərinə götürdüyü beynəlxalq öhdəliklərinin hansı formada yerinə yetirib və ya yetirmədiyi də bir sualdır. Həmin dövrdə Rusiya hərbi idarəsinin razılığı ilə Bakı yaxınlığında yerləşən Nargin adasında türk hərbi əsgər və zabitləri ilə bağlı qalmaqallı qısa bir film çəkildi və hazırda internet portalından asanlıqla izləmək mümkündür. Həmin filmdə göstərilir ki, türk hərbi əsirləri çox gözəl vaxt keçirirlər, yaxşı yeməklərlə qidalanırlar, rəqs edirlər, dənizdə çimirlər. Bununla da Rusiya beynəlxalq hüquq qarşısında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini və əks cəbhədə döyüşdüyü türki əsgər və zabit əsirlərinə guya olan alicənab münasibətlərini nümayiş etdirməyə çalışdı. Bəs əsil həqiqət necədir? Türk hərbi əsirləri ilə bağlı tarixi faktların işıqlandırılması yalnız hərbçilərin qaçış əməliyyatları zamanı bir qədər mümkün olur. Digər hallarda məlumatlar qaranlıqdır. Rusiya Dövlət Tarix Arxivində və Rusiya Hərbi Dəniz Donanması Arxivində çoxsaylı işlər, həmçinin Azərbaycan Respublikası Milli Arxivində saxlanılan sənədlər (hesabatlar, raportlar, rəsmi yazışmalar və s.) Nargin adasına idarəçilik obyekti olaraq baxmağa icazə verir. Birinci dünya müharibəsi Qafqaz Cəbhəsində, 1914-cü ilin yalnız dekabrında Rusiya Qafqaz ordusunun Sarıqamışda qələbəsinin nəticəsi olaraq 15 min türk hərbiçisi əsir götürülərək Rusiya ərazisinə gətirildi. Növbəti hərbi döyüşlərdə bu say dörd dəfəyə qədər artdı. Türk hərbi əsir və zabitləri Rusiyanın müxtəlif ərazilərində -Cənubi Qafqaz (Tiflis, Bakı, Gəncəvə s.), həmçinin Priamur, Sibir, Samara, İrkutsk və digər ərazilərdə əsirlər üçün nəzərdə tutulan düşərgələrdə saxlanılırdı.

Cənubi Qafqazda türk hərbi əsirlərinin saxlandığı ən böyük düşərdə Bakı yaxınlığında olan Nargin adası idi. Bu günə qədər hər bir azəri türkünün yaddaşında bu ada “ölüm adası”nı xatırladır. Qafqaz Cəbhəsi hərbi əməliyyatlar gedişində, çar hökuməti tərəfindən bu ada türk hərbi əsirləri üçün “ən əlverişli” məkan olaraq seçilmişdir. İlkin olaraq bu əraziyə rus ordusu tərəfindən əsir götürülmüş yeddi minə yaxın türk əsirləri gətirlmişdir. Antisanitar şərait, içməli su qıtlığı, aclıq, xəstəlik nəticəsində əsirlər arasında ölüm hadisələrinin çoxalmasına şərait yaradırdı. ABŞ-ın Riçmond Universitetinin professoru Yucel Yanikdag yazırdı: “…Türk hərbi əsirləri üçün ən başlıcası, Bakı yaxınlığında, Xəzər dənizindəki kiçik Nargin adası idi. Nargin adası ən pis düşərgələrdən biri idi. Bura palçıqlı, daşlıq, həşaratlarla dolu bir yerdir. Xeyli sayda türk əsirləri aclıq və xəstəlik səbəbindən ölürdülər.”

Bu gün Bakımızın lap yaxınlığında yerləşən Nargin adasında yüzlərlə türk əsgər və zabitlərinin dəfn olunmamış məzarları qalmaqdadır….

 

About Author