Nüşabə Məmmədova: Seprtizmə, İşğala və Terrora qarşı mübarizədə beynəlxalq qanunlar işləmir
Beynəlxalq Dialoq və İnkişaf Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regional münaqişələrin həlli yolları ” layihəsi çərçivəsində Avropa Şurası Parlament Assambleyasında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan haqları” mövzusunda tədbir təşkil edib.
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, tarix elmləri namizədi Nüşabə Məmmədova QHT.az saytına rəhbərlik etdiyi təşkilatın keçirdiyi tədbir ilə bağlı müsahibə verib.
Nüşabə xanım, salamlayırıq Sizi. İlk olaraq Fransaya səfəri ilə bağlı soruşaq. Səfər kim tərəfindən təşkil olundu və necə keçdi?
Fransaya səfərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş Beynəlxalq Dialoq və İnkişaf Alyansının “Regional münaqişələrin həlli yolları” layihəsi çərçivəsində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) tədbirin təşkili ilə bağlı idi. Xüsusilə qeyd etmək istərdim ki, bu tədbir Azərbaycanın AŞPA-dakı daimi nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuşdur. Tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətininin sədri Səməd Seyidovun rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov iştirak edirdilər.
Layihə çərçivəsində AŞPA-da keçirəcəyimiz tədbirdə iştirak etmək və öz fikirlərini parlament üzvlərinə çatdırmaq məqsədilə, beş il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da bizimlə birgə getmişdik.
Layihə üzrə iyun ayının 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasında əsir və girov götürülmüş azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsinə həsr olunmuş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan haqları” mövzusunda tədbir baş tutdu. Tədbirdə müxtəlif ölkədən olan deputatlar-Almaniyadan Jan Kohler, Rumınyadan Liviu Bleoca, Bosniyadan Almir Shahovic və digər parlament üzvləri, KİV nümayəndələri iştirak edirdilər.
Məlum olduğu kimi, 30 ildir, Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirilib. Xocalı soyqırımı 20-dən artıq ölkə tərəfindən rəsmən tanınıb. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Ermənistan 26 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Ermənistan tərəfindən hərbi münaqişə zamanı 3868 nəfər azərbaycanlı itkin düşmüşdür. onlardan 3126 nəfəri hərbçi, 742 nəfəri mülki şəxsdir. 5 il bundan öncə, 2014-cü ilin iyulunda üç nəfər azərbaycanlı Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov işğal altında olan Kəlbəcərdə öz valideynlərinin qəbirlərini ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, onlardan Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal olunmuş ərazidə qanunsuz fəaliyyət göstərən məhkəmələr tərəfindən, digər girov götürülmüş şəxslər – Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum ediliblər.
Yuxarıda qeyd olunan tarixi həqiqətləri dünya ictimaiyyətinə və eləcə də, beynəlxalq təşkilatların bir daha diqqətinə çatdırmaq məqsədilə, məhz bu tədbirin Strasburqda – Avropa Şurası Parlament Assambleyasında həyata keçirilməsini reallaşdırdıq.
“Əsir və girovların beynəlxalq müdafiəsi” adlı film nümayiş olundu, filmin diskləri, həmçinin layihə çərçivəsində hazırlanmış bukletlər, əsir və girovlarla bağlı fotolardan ibarət sərgi nümayiş olundu.
-Səfərə necə hazırlaşmışdınız və gözləntiləriniz nə idi?
– Səfər öncəsi, biz artıq bütün hazırlıq işlərini yekunlaşdırmışdıq. AŞPA-da tədbirin təşkili ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Azərbaycanın AŞPA-dakı Daimi Nümayəndəliyinə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə, Strasburqda fəaliyyət göstərən digər bir neçə KİV və QHT nümayəndələrinə rəsmi məktublar göndərmiş və danışıqlar aparmışdıq. Strasburqda tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan dövlət orqanlarına məlumat formalı məktublar göndərilmiş və bir neçə dövlət orqanlarının rəhbər nümayəndələri ilə görüşlər keçirilmişdir. Strasburqda fəaliyyət göstərən diaspora təşkilatlarının tədbirə dəvət olunmaları ilə əlaqədar Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət olunmuşdur. Həmin tədbirdə Fransadakı Azərbaycanlı Tələbələr Asosasiyası, “Kəpəz” Yayım şirkəti və digər diaspora nümayəndələri iştirak edirdilər. Bu, Bizim Fransada – .Avropa Şurası Parlament Assambleyasında həyata keçirdiyimiz ilk Layihə idi. AŞPA üzvlərinin də iştirak etdiyi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və İnsan Haqları” mövzusunda Layihə Azərbaycan tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gözlədiyimizdən daha uğurlu alındı. Lakin həyata keçirilən layihələrin, görülən bütün işlərin uğuru onda olacaq ki, Azərbaycanın işğal altında olan torpaqları – Dağlıq Qarabağ və 7 rayon işğaldan azad olunsun, əsir və girovlar geri qaytarılsın, qaçqın və məcburi köçkünlər öz vətənlərinə qayıtsın. İnanıriq ki, dövlətimizin həyata keçirdiyi diplomatiya siyasəti bizi bu qələbəyə yaxınlaşdırır.
-Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, Siz Azərbaycan tarixi həqiqətlərini dünya icvtimaiyyətinə çavtdırmaq məqsədilə ötən illər ərzində, dünyanın siyasi mərkəzlərindən biri olan Belçika Kralığıının paytaxtı Brüsseldə, İsveç Krallğının Stokholm şəhərində tədbirlər həyata keçirmişdiniz. Bu il Fransada – AŞPA-da tədbir keçirdiniz. Bu tədbirlərin davamı olacaqmı?
– Artıq 30 ildir xalqımız Ermənistanın ərazi iddialarının nəticəsi olaraq, müharibə şəraitində yaşayır. Hər gün Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşkəs rejimi pozulur və bundan sərhəd bölgələrində yaşayan dinc sakinlər əziyyət çəkirlər. Erməni əsgərləri tərəfindən artilleriya atəşləri nəticəsində sərhədlərdə günahsız insanlar, qadınlar, uşaqlar öz evlərində, həyətlərində öldürülürlər. Bu gün Ermənistan Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və onun ətrafında olan 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Sərhəd bölgələrdə yaşayan insanlar aydın səma arzulayırlar. Erməni silahlı qüvvələri tərəfindən girovluqda saxlanılan soydaşlarımız bizlərdən kömək gözləyir.
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu işğala, separatizmə, terrora qarşı susmamalıdırlar. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. 25 ildən çoxdur ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı çağırışlarına məhəl qoymur. Bu onu göstərir ki, seprtizmə, işğala və terrora qarşı mübarizədə beynəlxalq qanunlar işləmir. Bu, böyük faciədir. Beynəlxalq qanun və qətnamələri qəbul etməyən ölkələrə sanksiyaların tətbiq olunması qaçılmazdır. Yalnız bu halda dünyada gündən-günə artan münaqişələrin nisbətən qarışısının alınmasına nail olmaq mümkün ola bilər.
Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, Azərbaycan tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq səvəyyəli layihələrin davamlı olaraq həyata keçirilməsi, ölkəmizdə və regionda sülhün və sabitliyin qorunması istiqamətində dövlətimizin apardığı siyasətə hər zaman dəstək olmaq əzmindəyik və bu bizim başlıca əsas məqsədimizdir.
QHT.az