“Belə xəbərlərin heç bir əsası yoxdur” – Rauf Zeyni
Dünən bir qrup hüquq müdafiəçisi monitorinq missiyası ilə həbsdə olan “blogger” Mehman Hüseynovla görüşüb, onun vəziyəti ilə maraqlanıblar.
Lakin antimilli maraqlara xidmət edən bəzi media vasitəsi, başda “Turan” informasiya agentliyi olmaqla, Mehman Hüseynovu ziyarət edən hüquq müdafiəçilərini “hökumətin nümayəndə heyəti” kimi təqdim edib. Və bu heyətin hansısa göstəriş əsasında istintaq təcridxanasına getdiyini və Mehman Hüseynovla şəkil çəkdirdiyini iddia edirlər.
Sözügedən nümayəndə heyətinin tərkibində olan hüquq müdafiəçisi, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni AzNews.az-a açıqlama verərək, “belə xəbərlərin heç bir əsası yoxdur” dedi:
“Kim nə yazır, özü bilər. Biz hüquq müdafiəçiləriyik və vaxtaşırı bu cür görüşlərimiz olur. Ədliyyə Nazirliyinin nəzdində ictimai Komitə var, onun üzvləri var. Tək mənim təşəbbüsümlə olsaydı, kimsə məsələyə şübhə ilə yanaşa bilərdi. Mehman Hüseynovla görüşən şəxslər uzun illərdir ictimaiyyətdə tanınan, Azərbaycanın vətəndaş cəmiyyətinə xidmət edən insanlardır. Ona görə də məsələni başqa səmtə yönəltməyə çalışan informasiyalar yazmaqla deyil ki… İctimaiyyət özü hər şeyi çox yaxşı bilir və görür. Amma kimsə də öz fikirlərini, öz istəklərini yazırsa, azaddır, qoy yazsın. Ona inananlar da var, qoy inansınlar, bir söz demirik. Amma reallıq budur ki, biz monitorinq missiyası ilə getmişik, maraqlanmışıq, görüşmüşük, özünün razılığı ilə şəkil də çəkdirmişik və bu şəkilləri də paylaşmışıq. Reallıq budur ki, Mehman Hüseynovun vəziyyəti yaxşıdır, heç bir problemi yoxdur, tək bir istəyi odur ki, orada onun hüquqları qorunsun”.
Konkret olaraq, Turan informasiya agentliyinin yaydığı xəbərə gəldikdə isə R.Zeyni onu şərh etmək fikrində olmadığını dedi. Vurğuladı ki, Azərbaycanda söz azadlığı, ifadə azadlığı var. Nə istəyirlər, buyursunlar yazsınlar, amma həqiqəti, ədaləti yazsınlar. Mətbuatın vəzifəsi ilk növbədə həqiqəti yazmaqdır. Dəqiqləşdirilmədən hər hansı bir informasiya yazılırsa, onda onun heç bir əsası yoxdur.