Kim Çen In nüvə silahı olan dəlidir – Tramp
ABŞ prezidenti Donald Tramp Filippin prezidenti Rodriqo Duterte ilə telefon söhbəti zamanı Şimali Koreya lideri Kim Çen Inı “nüvə silahı olan dəli” adlandırıb.
Telefon söhbəti əsnasında iki prezident Şimali Koreya ilə bağlı vəziyyətin həll edilməsi mövzusunda danışıblar. Söhbət zamanı D.Tramp Şimali Koreyanın son raket sınaqlarının uğursuz olmasından məmnun olduğunu da gizlətməyərək bildirib ki, “bu yaxşı xəbərdir”.
Duterte də ABŞ prezidentinin fikirləri ilə razılaşaraq əlavə edib ki, Kim Çen In “bomba oyuncaqları ilə oynayır, onun ağlı ilə bağlı problemləri var və bir gün dəli olacaq”.
Telefon söhbəti barədə məlumat sızdıran “Washington Post” qəzeti daha sonra yazır ki, D.Tramp deyib: “Biz razı ola bilmərik ki, nüvə silahı olan dəli belə sərbəst dolaşsın. Bizim hərbi gücümüz daha böyükdür, sadəcə biz gücümüzü istifadə etmək istəmirik”.
Qəzetin məlumatına görə, D.Tramp Çinin problemin həllinə kömək edəcəyinə ümid etdiyini də dilə gətirib. (Trend)